Prezidentin Qəbələdə açılışını etdiyi yol 20 mindən artıq sakinin
gediş-gəlişini yaxşılaşdıracaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Prezident İlham Əliyevin aprelin 9-da Qəbələ rayonuna səfəri çərçivəsində
açılışını etdiyi Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük
Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolu 20 mindən artıq
sakinin gediş-gəlişini yaxşılaşdıracaq”.
Bu barədə “Report”un Şimal-qərb bürosuna Avtomobil Yolları Dövlət Agentliyinin
10 saylı “Yol İstismar” MMC-nin mühəndisi Azər Mehralıyev məlumat verib.
Onun sözlərinə görə, bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış
məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında,
həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də
insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb
edəcək.
“Dördüncü texniki dərəcəyə uyğun salınan iki hərəkət zolaqlı yolun ümumi
uzunluğu 41 kilometrdir. İnşaat işlərinin sonuncu mərhələsində hərəkətin normal
təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, nişanlanma
xətləri çəkilib. Yol üzərində bir körpü salınıb, 18 avtodayanacaq yaradılıb”, –
mühəndis qeyd edib.
A.Mehralıyev bildirib ki, əvvəllər əhalinin bu yolla gediş-gəlişi çətin olub:
“Yol əvvəllər çınqıl örtüklü idi. Prezidentin göstərişi ilə tikilmiş yol
əhalinin rahat gediş-gəlişini təmin edəcək”.
Bütün bunlar Prezident İlham Əliyevin ölkənin kompleks şəkildə inkişafını
diqqətdə saxladığını göstərir. Təsadüfi deyil ki, dövlət başçısı həm işğaldan
azad olunmuş ərazilərə, həm də ölkənin digər regionlarına daim səfərlər edir.