Yola saldığımız həftə dövlət başçısının ölkə iqtisadiyyatı üçün mühüm olan sərəncamları ilə yadda qaldı.
Bunlardan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilərək, iki dövlət agentliyinin yaradılmasını, idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də Mədəniyyət və Turizm Nazirliyi ləğv olunub, bir nazirlik və dövlət agentliyinin təsis olunmasını qeyd etmək olar.
Başlayaq, Mədəniyyət və Turizm Nazirliyindən. Hansı ki nazirliyin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradıldı. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Mədəniyyət Nazirliyinin və Dövlət Turizm Agentliyinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsinin təmin edilməsinə qərar verildi. Bu vəsait də onlar üçün yeni layihələrin reallaşdırılmasına imkan verə bilər.
İkinci sərəncam, istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlıdır. Məhz bu sərəncam əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildi. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıldı.
Həmçinin Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə isə Əqli Mülkiyyət Agentliyi təsis edildi. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətləri isə bu qurumlar arasında bölüşdürüldü.
Və nəhayət, uzun müddətdir strukturlarının birləşdiriləcəyi irəli sürülən Vergilər Nazirliyi və Gömrük Komitəsinə gəlincə, düzdür, bu qurumlar birləşmədi. Lakin prezidentin sərəncamı ilə bundan sonra bir sıra idxal-ixrac əməliyyatlarına Dövlət Gömrük Komitəsi tək deyil, həm də Vergilər Nazirliyi ilə birgə nəzarət edəcək. Göründüyü kimi, hər üç sərəncam özündə kifayət qədər yeni islahatları ehtiva edir. Xüsusilə son iki sərəncam sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün əhəmiyyətlidir.
Sərəncamları ÇıxışYolu.Com-ya şərh edən iqtisadçı-ekspert Fikrət Yusifov bildirdi ki, prezident andiçmə mərasimində çıxışı zamanı qarşıdakı yeddi ildə islahatların daha da dərinləşdiriləcəyinin anonsunu vermişdi:
“Vaxt özünü gözlətmədi. Ölkə başçısının imzaladığı üç sərəncamla islahatların növbəti mərhələsi başlanmış oldu. İlk imzalanan sərəncam Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin yaradılmasını nəzərdə tutur. Dünyanın 40-dan artıq ölkəsi turizm məsələlərində dövlət tənzimlənməsini məhz belə müstəqil qurumlar vasitəsilə həyata keçirirlər. Biz Ümumi Daxili Məhsulumuzda turizm sektorunun payının yaxın perspektivdə ən azından ümumdünya göstəricisinə – yəni 10%-ə yaxınlaşmanı hədəfləyirik. Bu səbəbdən də ölkədə turizm məsələləri ilə müstəqil bir qurumun yaradılması tədqirəlayiqdir.
Prezident növbəti sərəncamla istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşdirilməsi və yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradıldı. Bu struktur dəyişikliyi nəzarətin daha ünvanlı olması və onun səmərəliliyinin təmin edilməsi baxımından çox uğurlu bir addım hesab edilməlidir.
Bundan əlavə ölkə başçısı maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin yaradılması tapşırığını verdi. Belə əlaqələndirmə bu sahədəki bütün uyğunsuzluqların aradan qaldırılmasına imkan verəcəkdir”.
İqtisadçı-ekspert Qubad İbadoğlu Dövlət Turizm Agentliyinin yaradılması məsələsinə toxundu. Qeyd etdi ki, müvafiq sərəncamla artıq turizm üzrə dövlət siyasəti nazirlik səviyyəsində tənzimlənməyəcək:
“Əgər bu sahədə dəyişikliklər davam edərsə və bunlar dövlətin turzm sektoruna müdaxiləsinin azaldımasına gətirib çıxarsa, bu sərəncamı müsbət dəyişiklik kimi dəyərləndirmək olar.
İkincisi, İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamdır ki, onunla 2 dəyişiklik edilib. Birincisi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “müstəqillik” qazanaraq Dövlət Agentliyi statusu əldə edib. Əslində bu dəyişiklik 2010-cu ildən bəri parlamentdə “yatan” Rəqabət Məcəlləsinin layihəsində nəzərdə tutulurdu. Hesab edirəm ki, indiki şərtlərlə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yenə də müstəqil ola bilməyəcək.
Sərəncamın ikinci hissəsi ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradıldı. Bunu da müsbət dəyərləndirmək olar. Bu məsələdə yeni Agentliyin rəhbərinin kim olması xüsusilə maraq kəsb edən məsələdir”.
İqtisadçı ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncama da toxundu. Onun sözlərinə görə, ölkədə idxal-ixrac əməliyyatlarına nəzarətin eyni zamanda Vergilər Nazirliyinə həvalə olunması yalnız Dövlət Gömrük Komitəsinə etimizasızlıqdan deyil, bu sahədə problemlərin həllindəki çətinliklərdən irəli gəlir.