Prezidentin yeni vəzifəyə təyin etdiyi Mədət Quliyev kimdir? – DOSYE + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, Mədət Qəzənfər
oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini
təyin edilib
Cixisyolu.com xatırladır ki, M.Quliyev bu vəzifəyə qədər müdafiə sənayesi naziri idi.
O, general-polkovnik ali hərbi rütbəsini daşıyır və Azərbaycanın Milli
Qəhrəmanıdır.
Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində mühəndis Qəzənfər və
müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. 1965-ci ildə Gəncə
şəhərinin 1 nömrəli tam orta məktəbinin birinci sinfinə gedib, 1975-ci ildə isə
8 nömrəli tam orta məktəbini bitirib.
1975-1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil
aldıqdan sonra 1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olub.
1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis
Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib.
Mədət Quliyev 1982-ci ildə Gəncə şəhərinin Dinamo İdman Cəmiyyətində təlimatçı
olaraq çalışıb.
1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə
başlayıb.
1993-1994-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə
Şəhər Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin Banditizmə Qarşı Mübarizə
bölməsinin rəisi vəzifəsində çalışıb. 1993-cü il 10 dekabr tarixində cinayətkar
dəstənin zərərsizləşdirilməsi zamanı ağır güllə yarası almasına rəğmən geri
çəkilməyib və cinayətkarların zərərsizləşdirilməsinə nail olub.
1994-1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Regional Şöbəsinin
(Yevlax-Qazax) rəisi vəzifəsində çalışıb. Mədət Quliyevin rəhbərliyi altında
keçirilən əməliyyatlar nəticəsində ölkədə formalaşmış cinayətkar dəstələr və
reket qruplaşmalar məhv edilib. Həmçinin, 1994-cü il oktyabr hadisələri zamanı
silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə
polis polkovniki Quliyev Mədət Qəzənfər oğluna “Azərbaycanın Milli Qəhrəmanı”
adı verilib.
1995-1996-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi;
1996-2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini;
2001-2002-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi;
2002-2004-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş
Narkotiklərlə Mübarizə İdarəsinin rəisi;
2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi
Bürosunun rəisi;
2006-2011-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş
Mühafizə İdarəsinin rəisi vəzifələrini icra edib.
2011-ci ildə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar
Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
O, Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2014-cü il tarixli 881
nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif
edilib.
Dövlət başçısının 21 oktyabr 2015-ci il tarixli 1462 nömrəli Sərəncamı ilə
Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsi verilib.
2015-ci ildə Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin birinci
müavini vəzifəsinə təyin edilib və nazir vəzifəsini icra edib.
2015-2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi, 2019-cu ildən isə Azərbaycan Respublikasının müdafiə sənayesi
naziri olub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-ci ildə
general-polkovnik ali hərbi rütbə verilib.
Sabiq nazir sambo üzrə idman ustasıdır, triatlon idman növü ilə məşğuldur.
Rus, ingilis, alman və türk dillərini bilir.
Ailəlidir, 4 övladı var.