7b243729-8713-443c-8653-58ee93b106b9..jpg

Problem qadın paltarı geyinən aktyordadır, yoxsa ona gülən TAMAŞAÇIDA?

Baxış sayı: 495 dəfə baxılıb.

Problem qadın paltarı geyinən aktyordadır, yoxsa ona gülən TAMAŞAÇIDA?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün çəkilən bir çox komediya proqramının qeyri-peşəkarlığı xalqın incəsənət
zövqünü korlayır. Belə ki, bu kimi verilişlərdə aktyorlar tamaşaçını ya ancaq
qadın paltarı geyinərək, bölgələrimizin ləhcələri ilə güldürməyə, ya da
qeyri-etik ifadələrdən istifadə etməklə bayağı davranışlarla komedik
səhnəciklər nümayiş etdirməyə çalışırlar. Səhnə dilinin bütünlüklə məişət
üslubunda olması da müasir “yumor”umuzun diqqətçəkən problemli məqamlarındandır.

Maraqlısı isə odur ki, böyük əksəriyyət bu qeyri-peşəkarları izləmək üçün
sıraya düzülür.

Bütün bunlar onu deməyə əsas verirmi ki, Azərbaycan xalqının yumor anlayışı
dəyişib?

Tanınmış kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudov Bizim.media-ya
bildirib ki, bu cür verilişlərin yayılmasının səbəbkarı cəmiyyətdir:

“Əgər xalqımız dəbdəbəli geyimdə, son model maşında gedib bu cür “hır-hırı”
verilişlərə uğunub gedirlərsə, o aktyorlar əcəb edib belə verilişdə oynayırlar.
Yəni nə tökürsənsə aşına, o da çıxır qaşığına… Hər bir halda günah
ictimaiyyətdədir ki, əttökən, eybəcər, əxlaqsız, mənəviyyatsızlara baxırlar.
Mən hələ borc edib 10 min manata toyuna əxlaqsız müğənniləri çağıranları
demirəm.

Mədəniyyət və incəsənət sahəsində bir universitetimiz var, orada ancaq əttökən
komediyaçılar istehsal edilir. Normal kadr yoxdur. Kütlə nə yeyirsə, onu
verirlər. Görürlər ki, millət gəlib hırıltıya qulaq asır, aktyorlar nə
etsinlər? Aktyorlar əslində zəmanələrinin güzgüləridir”.

Əbdül Mahmudov qeyd edib ki, cəmiyyətin mənəviyyatını, ictimai şüuru təzədən
qurmaq, formalaşdırmaq lazımdır, güzgünü sındırmağa ehtiyac yoxdur:

“Bizim tarixən Mirzəağa Əliyev, Məmmədəli Vəlixanlı, İsmayıl Osmanlı kimi
komedioloqlarımız, nəhəng bir məktəbimiz olub. Bu gün kimsə özünə döş qoyub
arvad obrazına girəndə, orasını-burasını oynadanda, dilimizi, sənətimizi təhrif
edəndə, gülünc görünüş alanda xalq kütləvi şəkildə zalı tərk etsə, onda onlar
bu qələti etməzlər. Hər şey xalqdan asılıdır”.

Xalq artisti, aktyor və teatr rejissoru İlham Namiq Kamal isə sözügedən
verilişləri izləmədiyini bildirib:

“Mən daha çox Azərbaycan Televiziyası, Mədəniyyət TV, İctimai TV-də oluram.
Orada isə bu kimi layihələr çəkilmir. Başqa verilişlərə getmədiyim üçün ətraflı
məlumat verə bilmirəm. Yəni mən baxmıram və görmürəm. Çalışıram ki, normal
layihələrə, verilişlərə gedim”.

Əməkdar artist, komediya aktyoru Tahir İmanov isə məsələ barədə ümumi anlayışı
olsa da, münasibət bildirmək istəmədiyini bildirib.

Source link