Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadənin Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2.-ci ( təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunusuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, prosesdə çıxış edən prokuror məhkəmədən QHT sədrinə dörd il cəza təyin edilməsini və iclas zalında həbs edilməsini xahiş edib.
Təqsirləndirilən qadının vəkili müdafiə nitqi üçün vaxt istəyib.
Növbəti proses iyulun 6-na təyin olunub.
Xatırladaq ki, cinayət işinin materiallarına əsasən, 1998-ci ildən Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində çalışan Kəmalə Ağazadə 2015-ci ilin sentyabr-oktyabr aylarında inzibati binada hissə-hissə vətəndaş Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramov və Mahirə Sadıqovanın hər birindən 2100 manat olmaqla, ümumilikdə 7800 manat məbləğində pulu ələ keçirib.
Qeyd edək ki, istintaq dövründə K.Ağazadə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.