Prokuror Bakıda müəllimi yandıraraq öldürməkdə təqsirləndirilən şəxsə 20 il
həbs cəzası istəyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Qaradağ rayonunda qadını öldürərək yandırmaqda təqsirli bilinən
1985-ci il təvəllüdlü Orxan Novruzovun cinayət işi üzrə məhkəmə prosesi
keçirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlərlər Məhkəməsində hakim Eldar
İsmayılovun sədrliyi ilə baş tutan iclasda prokuror Fuad Musayev çıxış edib.
Dövlət ittihamçısı O.Novruzovun 20 il müddətinə azadlıqdan mərhum edilməsini
istəyib.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin mayın 27-də Qaradağ rayonu, Lökbatan
qəsəbəsi ərazisində baş verib.
Belə ki, mayın 27-i saat 07 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi
ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan
1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan
meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri
ilə qeyd edilən cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov
tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən
edilib.
Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Qeyd edək ki, qətlə yetirilən Xuraman Həsənova orta məktəbin müəllimi olub.