f74c9f49-73f6-48b3-97e3-1bed631793e5..jpg

Prokuror iki yaşlı uşağı oğurlayan qadına ağır cəza istədi

Baxış sayı: 1. 030 dəfə baxılıb.

Prokuror iki yaşlı uşağı oğurlayan qadına ağır cəza istədi

Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin
Muradovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin
sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Gültəkin Muradovanın verilmiş ittihamla təqsirli bilinərək 10 il 6 ay
müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

İttiham olunan şəxsin vəkili müdafiə çıxışında təqsirləndirilən şəxsə şərti
cəza verilməsini xahiş edib. Məhkəmə Gültəkin Muradovaya son söz üçün sabaha
qədər vaxt verib.

İttihama görə, 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı
Məhəmməd Elgün oğlu Şıxəliyevin itkin düşməsi barədə polisə məlumat daxil olub.

2022-ci ilin yanvarın 8-də Sabunçu rayon Polis İdarəsi və 12-ci polis
şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış
tədbiri nəticəsində Məhəmməd Şıxəliyev tapılıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində 2 yaşlı uşağı oğurlayan Beyləqan rayon
sakini Gültəkin Muradova həbs edilib.

Qeyd edək ki, ittihamda göstərilib ki, təqsirləndirilən Gültəkin Muradova
qeyri-rəsmi nikahda olduğu şəxslə birgə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində
yaşayıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürüb saxlamaq
istəyib. Bu məqsədlə qəsəbədə yerləşən yaşayış massivlərini gəzib, oğurlamaq
üçün uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi
göstərib.

Hadisə baş verən gün Gültəkin Muradova yenidən həmin evə gedib və uşağın
anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını
görüb. Həmin vaxt azyaşlı Məhəmməd Şıxaliyev bacısı Firuzənin yanında olub.
İttiham olunan şəxs uşağı aparan zaman azyaşlının bacısı ona etiraz edib. O,
Məhəmmədə şirniyyat alıb geri gətirəcəyini deyib.

Təqsirləndirilən şəxs bir neçə gün sonra saxlanılıb, azyaşlı aidiyyatı üzrə
təhvil verilib.

Gültəkin Muradova barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu)
maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Azyaşlı tapılandan sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti
uşağın atası Elgün Nəsirovun da saxlanması barədə məlumat yayıb. Məlumatda onun
bu işdə iştirakının ehtimal olunduğu qeyd olunaraq araşdırma aparıldığı
bildirilib. Həmçinin Gültəkin Muradova ilə qeyri-rəsmi nikahda yaşayan Şamil
Əliyevin də saxlanıldığı açıqlanmışdı.

Bununla belə, hazırda təqsirləndirilən şəxs qismində yalnız Gültəkin Muradova
məhkəmə qarşısına çıxarılıb.

Source link