Bakı Ağır Cinayətlər Məhkəməsində DİN-nin Su Nəqliyyatında Polis İdarəsinin polis polkovniki Fərhad Məmmədxanovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
ÇıxışYolu.Com-ın məlumata görə, Fərhad Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
İttihama görə, Məmmədxanov vətəndaş Eldar Hənifəyevdən, işə düzəltmək adı ilə 185.000 manat pul alaraq, dələduzluq edib. İstintaq dövründə o həmin məbləğdən 35.000 manat pulu zərərçəkmişə qaytarıb.
Qeyd edək ki, F. Məmmədxanovun DİN-də xidmət etdiyi müddətdə son rütbəsi polis polkovnik-leytenantı olub. O, ötən il iyunun 16-da barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən xidmətdən xaric olunub.
Bu gün keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib, o məhkəmədən təqsirləndirilən şəxsə 7 il cəza təyin edilməsini xahiş edib.
Növbəti proses mayın 18-nə təyin edilib.