Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinənlər – Elşən Cabbarov, Şüşəxanım Ədirova, Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bünyatovanın cinayət işi üzrə məhkəmə prosesi davam etidirilib.
ÇıxışYolu.Com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı çıxışında E. Cabbarovun 12 il, T. Əsədov və M.Cəfərovun 11 il, Ş. Ədirova və E. Bünyatovanın 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ötən ilin oktyabrında həbs edilən Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur. Elşən Cabbarov Bulat Ağabəyovu şantaj edərək ondan hər ay 7 min manat pul alıb. Bundan başqa, Elşən Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq etməkdə təqsirli bilinib. İstintaq orqanı tərəfindən Elşən Cabbarovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib. İstintaq dövründə Şüşəxanım Ədirova, Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bünyatova da iş üzrə təqsirləndirilən şəxs kimi cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.
Cinayət işi üzrə 6 nəfər zərərçəkən şəxs qismində tanınır.