Prokuror Vaqif Xaçatryana niyə 15 il azadlıqdan məhrumetmə cəzası istəyib? –
SƏBƏB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli
kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın
məhkəmə prosesi davam edir.
Cixisyolu.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə bu gün
məhkəmə istintaqı başa çatıb. Prokuror ittiham nitqi ilə çıxış edərək Vaqif
Xaçatryana 15 il azadlıqdan məhrumetmə cəzası verilməsini məhkəməyə təklif edib.
Prokuror, həmçinin, çıxışında niyə Meşəli soyqırımını törətməkdə
təqsirləndirilənlərdən Vaqif Xaçatryana 15 il cəza tələb etməsinin səbəbini
izah edib.
Belə ki, onun ittiham olunduğu soyqırımı, sülh və müharibə əleyhinə olan
cinayətlərə görə cəzanın ən yuxarı həddi ömürlük azadlıqdan məhrumetmə
cəzasıdır.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hökm çıxarılanadək 65
yaşı tamam olan şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi
qadağandır.
V.Xaçatryanın 65 yaşı keçməsi səbəbindən ona ömürlük azadlıqdan məhrumetmə
cəzasının verilməsi mümkün deyil.
Bundan başqa, hazırda Azərbaycan qanunvericiliyinə görə, 65 yaşından yuxarı
şəxslərə ittiham olunduğu ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə
cəzası ən yuxarı hədd sayılır.
Lakin Vaqif Xaçatryan cinayət əməllərini 1991-ci ildə törədib. Azərbaycanın
2014-cü ilə qədər qüvvədə olan qanunvericiliyində sülh və müharibə əleyhinə
olan cinayətlərə görə cəza müddəti 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə
olub.
Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalara da əsasən, şəxs hadisəni
törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni Vaqif
Xaçatryan hazırkı qanunvericilikdə olan sanksiya həddində yox, əməlin
törədildiyi vaxtda mövcud olan qanunvericiliklə cəzalanması hüquqi baxımdan
doğrudur.
Bu səbəbdən prokuror çıxışında Meşəli qatilinə qanunvericiliyə əsasən ittiham
olunduğu maddələr üzrə ən yuxarı həddə olan 15 il azadlıqdan məhrumetmə cəzası
tələb edib.
Aqil Vəlili