Prokurorluqdan rüşvət aldığı iddia edilən məktəb direktoru ilə bağlı AÇIQLAMA
– YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Təhsil müəssisəsində aşkar edilmiş mənimsəmə faktı ilə bağlı cinayət işi
başlanıb.
Bu barədə Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə baş verən
qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər
prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı Azər Qazıyevin qeyd edilən təhsil müəssisəsində direktor
vəzifəsini icra etdiyi 2020-2023-cü illər ərzində məktəbdə texniki vəzifədə
çalışan, işə davamiyyəti olmayan işçilərə əməkhaqqı ödənilməsi yolu ilə 26 min
manatdan artıq dövlət vəsaitini mənimsəməsi və israf etməsinə əsaslı şübhələr
müəyyən edilib.
Fakta görə Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və
179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan
vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq
istintaq aparılır.
13:32
“1400-ə yaxın şagirdin təhsil aldığı Mingəçevir şəhər 4 saylı tam orta
məktəbin direktoru rüşvət alaraq müəllimlərə dərs saatı satır”.
Bu iddiaları sözügedən məktəbin coğrafiya müəlliməsi Həbibə Yuldaş qızı
Rahibova Cixisyolu.com-a açıqlamasında səsləndirib.
O bildirib ki, 20 ilə yaxındır məktəbin direktoru olan Azər Arif oğlu Qazıyev
hər dərs saatı üçün müəllim heyətindən 50 manat məbləğində rüşvət alır:
“20 ilə yaxındır bu məktəbdə vəziyyət bu cürdür. Bununla bağlı aidiyyəti
qurumlara da müraciət etmişəm. Hətta məktəbin direktoruna Cinayət Məcəlləsinin
179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb. 2023-cü ilin sentyabr
ayında biz rüşvət verərkən bunu videoya da çəkmişik. Artıq direktor mənə
müxtəlif yollarla təzyiq edir. Məni ailəmlə, qızlarımla təhdid edir, məktəbin
yuxarı sinif şagirdlərini də öyrədib məni müxtəlif yollarla ifşa etmək istəyir.
Mən bununla bağlı iki dəfə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə
müraciət etmişəm. Bir neçə şagird cərimələnib və altı ay müddətinə nəzarətə
götürülüb.
Mənimlə danışan müəllimlərə, şagirdlərə müxtəlif yollarla təzyiq edilir.
Məktəbdə artıq ruh kimi gəzirəm, heç kim mənimlə danışmır. Səbəbi isə
direktorun təzyiqi və mənim direktorla açıq mübarizə aparmağımdır”.
Səsləndirilən iddialarla bağlı Cixisyolu.com-a açıqlama verən məktəb direktoru Azər
Qazıyev bildirib ki, məsələ prokurorluq tərəfindən araşdırılır, nəticələri ilə
bağlı cavab gözlənilir:
“Mən 1986-cı ildən bu məktəbdə çalışıram. 2005-ci ildən isə direktor
vəzifəsində çalışıram. Respublikanın qabaqcıl təhsil işçisiyəm, “Tərəqqi”
medalına layiq görülmüşəm. Mənə qarşı qurulma bir işdir. İş prokurorluqdadır,
araşdırmalar aparılır. Bu yaxınlarda da maliyyə yoxlamaları aparıldı.
Yoxlamaların və araşdırmaların nəticələrini gözləyirik”.
Həmin görüntüləri təqdim edirik:
Aytac Qasımova