Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində
təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin
barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
APA xəbər verir ki, apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində
baxılıb.
Hakim Fərid Əyyubovun sədrliyi ilə bu gün keçirilən prosesdə birinci
instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Müşviq
Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin hər biri 14 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib.
Baş Prokurorluğun yaydığı məlumata görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür
Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə
qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən
istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən
şəxslər ifşa ediliblər.
İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq
Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş
verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə
əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən, rektor vəzifəsində
qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin
qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun
öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min
ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərti
ilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün
zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə
küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə
onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb
olan xəsarətlər yetirməsi müəyyən edilib.
Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət
Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir
Quliyev (icraçı) isə həmin məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə)
maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs
qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.
Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür
Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.