8f614cc3-2b24-4d4b-93e8-81e1e2b5292a..jpg

Proseslərə “Qızıl Xaç” çəkildi: Gərginlik azaldımı? – TƏHLİL

Baxış sayı: 507 dəfə baxılıb.

Proseslərə “Qızıl Xaç” çəkildi: Gərginlik azaldımı? – TƏHLİL

Laçın-Xankəndi yolu ilə paralel olaraq Ağdam-Xankəndi yolu humanitar məqsəd
üçün ikinci dəfə açıldı – Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) üzünə.

Bundan əvvəl də Qızıl Xaç Komitəsinin Rusiya ofisi Ağdam-Xankəndi yolu ilə TIR
keçirmişdi.

Azərbaycan və Ermənistan arasında hərbi eskalasiya riskinin artdığı zamanda
BQXK üçün paralel “açılış sürprizi” sülhün bərqərar olacağı ilə bağlı
ümidverici siqnalların səsini gurlaşdırır.

Diqqət ediləsi məqamlar:

– Ermənistan Azərbaycan şərti sərhədində gərginlik var;

– Bakı İrəvana bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün
çağırışlarını intensivləşdirir;

– Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində
yaşayan ermənilər ölkəni tərk edirlər, onların arasında qeyri-qanuni hərbi
birləşmələrin nümayəndələri də var;

– Nəhayət, bunların fonunda Azərbaycanın tələb etdiyi, şərt kimi irəli sürdüyü
Ağdam-Xankəndi marşrutu ikinci dalğada açılır.

Humanitar təchizat xətlərindəki açılım prosesi Azərbaycanın öz ərazi
bütövlüyünü qorumaq öhdəliklərinin sürətli icrası istiqamətinə yön alır.

Həmin məcra Azərbaycanın Qarabağda tamhüquqlu və hərtərəfli suverenlik
hüquqlarının bərpasındakı elementləri çoxaldan faktordur və bunun bloklanması
cəhdləri müşahidə edilir.

Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 18-də yaydığı məlumata əsasən:

– Qanunsuz silahlı birləşmələr Ağdam rayonu istiqamətindəki səngərin mühəndis
cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər;

– Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən görülən təxirəsalınmaz
tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Yəni Ağdam-Xankəndi yolu ilə paralel “Laçın” sərhəd buraxılış-məntəqəsinin
paralel iş rejimi hələ Qarabağda və Ermənistan-Azərbaycan şərti sərhədindəki
hərbi gərginliyin azalacağı nəticəsini çıxarmağa əsas vermir.

Lakin baş verənləri – BQXK-nın yük daşımalarını – gərginliyin mümkün
yumşaldılması variantlarından biri kimi qiymətləndirmək lazımdır.

Belə tendensiya sərfəli variantdır ki, Azərbaycan-Ermənistan zərif sülh
gündəliyi ilə bağlı rəqabət aparan tərəflər səylərini birləşdirib bir-birindən
kifayət qədər məsafədə yerləşən məsələləri həll etsinlər.

“Bəs bu mümkündürmü, kompromislər əldə olunacaqmı?” sualına birmənalı cavablar
vermək olmur, çünki regional kövrəkliklər öz yerini möhkəm təhlükəsizlik
zəminlərinə verməyib.

Rusiya proseslərə Ağdam-Xankəndi yolunda “Qızıl Xaç” çəkdikdən sonra ABŞ-dən
Ermənistana qahmar çıxan rəsmi reaksiyalar arxa planda rəqabətin
kəskinləşəcəyini və bunun uzunmüddətli perspektiv üçün qalacağı ehtimallarını
artırır.

Halbuki, sentyabrın 1-dən paralel şəkildə yolların işə salınacağı gözlənilirdi
– buna ABŞ-də razılığını vermişdi.

Lakin hadisələrin sonrakı axarında ABŞ Rusiya ilə Ermənistan arasındakı
gərginlikdən vəcdə gələrək Qarabağdakı separatçıların qalıqlarını körükləyən
mövqeyə kökləndi.

ABŞ, Fransa kimi ölkələr isə razılaşmanın tələblərinin yerinə yetirilməsinə
səy göstərmək əvəzinə, Azərbaycana çox ciddi təzyiq yolunu tutdular və yalnız
Laçın yolunun açılmasını tələb kimi irəli sürməyə başladılar.

Bundan sonra, təhdid ehtimallarının reallaşmaması üçün Azərbaycan və
Ermənistan kritik fikir ayrılıqlarını aradan qaldırıb regionda uzunmüddətli
razılaşmanın detallarını işləyib-hazırlamalıdırlar.

Rəsmi Bakının bu istiqamətlər üzrə kifayət qədər əhatəli təklifləri var,
İrəvandan isə buna adekvat olmayan mövqelərin səslənməsi prosesi ləngidir.

Ermənistan Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi
məsələsində beynəlxalq mexanizmlər vasitəsilə müdafiə olunması tezisini
təkrarlamağa davam edə bilər. Hərçənd ki, Azərbaycanın təklifləri, onsuz da,
beynəlxalq hüquqa əsaslanır. İrəvanın bundan imtina edərək “beynəlxalq
mexanizm” deməsi regiona oyunçular cəlb edib gərginliyi şişirtmək və bundan
uduşlu çıxmaq cəhdləridir.

Bakı bu cəhdləri boğmağa davam edəcək, bu hərəkətlərini Azərbaycanda yaşayan
ermənilərin hüquq və təhlükəsizliyinin Konstitusiya ilə əhatə olunduğunu yeni
təkliflər əsasında danışıqlar masasına qoyacaq.

Ermənistan-Azərbaycan şərti sərhədindəki gərginlik fazasına gəlincə, bu artıq
əlahiddə mövzunun predmetidir…

Aqşin Kərimov

Source link