İnternet dünyasının vazkeçilməz xidmətlərindən olan sosial şəbəkələri XXI əsrin fenomeni adlandırmaq olar. Yarandığı gündən etibarən cəmiyyət tərəfindən birmənalı qarşılanmayan və etirazlar doğuran bu xidməti kimisi vaxt itkisi, kimisi əxlaqsızlığın təbliği, kimisi isə maarifləndirilmənin şoulaşdırılması adlandırsa da, istifadəçilərinin sayı durmadan artmaqdadır.
Hətta bu artım o dərəcəyə çatıb ki, sosial şəbəkələr vasitəsilə “teatr”lar, sosial mesajlar vermək adı altında “səhnəcik”lər göstərərək, yetərincə məşhurluq zirvəsinə çatıb, “burada mənəm, Bağdadda kor xəlifə” deyən insanlar var.
Bunlar “Instagram”, “Facebook”, “Youtube” kimi sosial şəbəkələrdə “… official” başlığı altında özlərinə şəxsi səhifələr yaradan “viner”lərdir. Təbii ki, dediyim hamısına aid deyil. Onların içərisində istedadlı, həqiqətən, cəmiyyəti maarifləndirə biləcək videolar çəkib, aktyorluq səviyyəsini nümayiş etdirə biləcək şəxslər var.
Hər nə qədər hər birinin öz sevənləri, izləyiciləri olsa da, biz onları nə təhqir edirik, nə də səviyyələrini aşağılayırıq. Sözümüz həmin “viner”lərin çəkdiyi lüzumsuz və heç bir mahiyyəti olmayan videolaradır.
Mahiyyət demişkən, demək olar ki, nadir hallarda “viner”lərin bir-birilə söz deyişməsinin, qalmaqallarının yaranmasına şahid oluruq.
Tanınmış videobloqer Əlixan Rəcəbov vayner Hüseyn Əzizoğlunu sərt şəkildə tənqid edib. Səbəb kimi isə sətiraltı sözlərdən ibarət olan video çəkərək Hüseyni insanların zövqünü korlamaqda ittiham edib:
“İndiki dövrdə məşhur olmaq üçün nə lazımdır? Kreditə götürülmüş “Niva”, “C” hərfini tələffüz edə bilməyən iki qız, qəlyan və s.”
Bunlar arasında qalmaqallar izləyicilərinə də kifayət qədər təsir edir, desək, yəqin ki, yanılmarıq. Bəs, görəsən, Azərbaycanda fəaliyyət göstərən bu “bloqer”lər cəmiyyətə və daha çox gənclərə psixoloji, maarifləndirici təsir baxımından necə təsir edir? Bu cür səhnələr gənclərə nələri aşılayır?
Mövzu ilə bağlı ÇıxışYolu.Com-a açıqlama verən psixoloq Vəfa Əkbər bu cür heç bir mahiyyəti olmayan videoların çəkilməsinin təqdirəlayiq olmadığını deyib.
O bildirib ki, bunların əsasında gənclərin rahat yolla pul qazanmaq istəyi durur:
“Məsələ belədir ki, hər bir insan özünü cəmiyyətdə təsdiq etmək istəyir. Bu, bütün dünyada baş verən haldır. Bəzi ölkələrdə insanlar kitab oxumağı və yaxud hər hansısa sərgidə iştirak etməyi, muzeyləri gəzməyi təbliğ edir və bu yolla da reklam olunur.
Onları izləyən şəxslər çəkilən videoları izləməklə özlərini o istiqamət üzrə yönləndirir. Təəssüf ki, bu cür durumlar hər zaman müşayiət olunmur.
Bəzən də insanlar daha tez pul qazanmaq, qazanc əldə etmək niyyəti ilə ucuz yollara əl atır. Bu isə alqışalayiq bir addım deyil. Çünki sərbəstliyin əsas təməli madiyyatdan keçir. Belə olduğu halda, gənclərimiz rahat qazancı şişirdilmiş dərəcədə primitivləşdirmiş olurlar. Bu isə yeni nəsildə oxumağa, maarifləndirici işlər görmək əvəzinə, hansısa məkanda qəlyan çəkərək, qızlarla əylənərək və bu kimi halları cəmiyyətə təqdim edərək, insanlarda gülüş yaradıb, qazanc əldə etməyin yollarını öyrədir.
Bu isə cəmiyyətin inkişafına təsir göstərir və deqradasiya gedir. Yəni, primitiv düşüncə, primitiv gənc, primitiv baxış bucağı yaradır. “Bloqer”lərin cəmiyyətdə təsir gücü çoxdur. Onları hər kəs izləyir və baxır. Hətta sosial şəbəkələrin belə bir funksiyası var – sən həmin videonu izləmək istəmədiyin təqdirdə, o çox izlənilirsə, yenə də qarşına çıxır.
Hər dəfə qarşına çıxdıqda isə artıq yaddaşa həkk olunur. Bundan sonra “niyə mən də etməyim?” fikri yaratmağa başlayır. Əgər o video əxlaqsızlığın təbliği üçün çəkilirsə və heç bir mahiyyət daşımırsa, bu, yolverilməzdir”.
Psixoloq, Ümumrusiya Professional Psixoterapiya Liqasının həqiqi üzvü Səbinə Bayramova bu cür halların, yəni heç bir mahiyyət daşımayan videoların çəkilməsini cəmiyyət və əsasən də gənclər üçün ciddi təhlükə sayır:
“Mövzu ilə əlaqədar olaraq, ikitərəfli açıqlama vermək olar. Birincisi, bu cür durumların kimlərə təsiri ola bilər, ikincisi isə həmin “bloqer”lərin özləri haqqında fikir bildirmək olar. Ola bilər ki, “bloqer” adı ilə sosial şəbəkədə tanınan şəxs şəxsi həyatında heç də sosial biri deyil və videolarda canlandırdığı kimi, “qəhrəman” biri deyil.
Belə olduğu halda, onun aldığı müsbət rəylər, izləyici sayının artması həmin şəxsi daha da həvəsləndirmiş olur. Bu isə psixologiyada şəxsiyyətin pozulması probleminin yaranması deməkdir. Bununla da kimliksizləşməyə başlayır və başqa bir “mən” yaratmış olurlar.
Bu, artıq təhlükə yaradacaq bir durumdur. Yaranan bu təhlükə, təəssüf ki, cəmiyyət tərəfindən sevilməyə başlayır. Beləliklə, şəxs vaxtını daha çox sosial şəbəkələrdə keçirir. Bu isə yalnızlaşmanın yaranmasına gətirib çıxarır, real aləmdən uzaqlaşdırır. Təbii ki, dediyim sözlər bütün “bloqer”lərə aid deyil.
Onu da qeyd etmək lazımdır ki, sosial şəbəkələr psixoloji təsirlər əsasında qurulan xidmətdir. Məsələn, orada qeyd olunur ki, filan şəkli, postu paylaş, əvəzində “like” qazan. Bu, həmin şəxsdə asılılıq yaradır. Heç bəzən evdə valideynlər belə gənclərə müsbət motivasiya vermir.
Nəzərə alsaq ki, sosial şəbəkələrdən yalnız gənclər yox, 18 yaşdan aşağı şəxslər də istifadə edir, bu, artıq ikiqat təhlükədir.
Deməyim odur ki, “videobloqer”lərin çəkdiyi videolar, paylaşdığı postlarda nə təbliğ olunursa, onun xoşagəlməz təsirləri gənclərə, uşaqlara daha tez təsir edir. Çünki onların psixologiyası tam yerinə oturmayıb və şəxsiyyət kimi formalaşmayıblar.
Şəxsiyyət özünü və ətrafındakıları tam şəkildə dərk edən fərdə deyilir. Formalaşma tam olmadığına görə təbliğatı aparılan bir şeyi özünə nümunə kimi götürə bilər. Bir məsələni də qeyd edim ki, psixoloji yaşla passport yaşı bəzi hallarda üst-üstə düşmür. Həmin şəxslər də tez təsir altına düşmüş olur. Son olaraq onu demək istəyirəm ki, əgər çəkilən videolar maarifləndirmə məqsədi daşıyırsa, alqışalayiq, əks təqdirdə isə xoş hal deyil”.