“İqtisadi Şuranın dünənki iclasında müzakirə edilən məsələlərdən biri də
Azərbaycandan xaricə pul köçürmələri və ixrac dəyərinin tam qaytarılması ilə
bağlı olub. Azərbaycan Prezidentiİlham Əliyevin sentyabrın 26-da keçirilən
müşavirədəki tapşırıqlarına uyğun olaraq, bu sahədə nəzarətin daha da
gücləndirilməsi prioritetləşib”.
Cixisyolu.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki,
burada ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin 180 gün ərzində ölkəyə
gətirilməsi, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta
vəsaitləri ilə bağlı məsələlər öz əksini tapır.
Onun sözlərinə görə, 2024-cü ilin geridə qalan aylarının rəsmi statistikası
göstərir ki, Azərbaycan ixracının həcminin azalmasına baxmayaraq, pul
köçürmələrində artım müşahidə olunmaqdadır:
“Bu ilin ilk 7 ayında ölkəmizin ticarət dövriyyəsi 26 milyard 239 milyon
dollar olub. Onun 15 milyard 446 milyon dolları ixracın, 10 milyard 793 milyon
dolları isə idxalın payına düşüb. 2023-cü ilin yanvar-iyul ayları ilə
müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3.3 faiz, real ifadədə
5.0 faiz, o cümlədən idxal 3.0 faiz, ixrac isə 6.1 faiz azalıb. Göründüyü kimi,
enerji məhsullarının qiymətinin azalması ümumi ixracatımızın həcminə də
təsirsiz ötüşməyb. Bütün bunlarla yanaşı, bu ilin ilk yarısında (hələlik 7
aylıq göstəricilər elan edilməyib) Azərbaycandan xaricə 343 milyon dollar pul
köçürülüb. Xaricdən ölkəmizə köçürülən vəsaitlərin həcmi 36.4 faiz azalsa da,
Azərbaycandan xaricə köçürmələr 34.7% artıb.
Rəsmi statistika da təsdiq edir ki, Azərbaycandan xaricə pul köçürmələri və
eləcə də ixracın dəyərinin ölkəyə tam qaytarılması üzrə nəzarətin daha da
gücləndirilməsi aktuallaşıb. Daha çox valyutanın ölkədə qalması isə hər zaman
əsas hədəflərdəndir”.