e7b291fc-0b56-44cb-b197-dad2b8ad6c46..jpg

Pulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir, yoxsa bank kartları? – ARAŞDIRMA

Baxış sayı: 4. 615 dəfə baxılıb.

Pulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir, yoxsa bank
kartları? – ARAŞDIRMA

Bank kartına pul gələn kimi onu nağdlaşdıranlar əvvəllər daha çox idi. Çünki
bank kartlarına inam hələ formalaşmamışdı. Ancaq zamanla təbliğ edildi ki,
pulumuz elə kartda qalsa, daha yaxşıdır. Bu zaman oğurluq, təbii fəlakət və s.
kimi risklərdən sığortalanmış olur. Yəni zamanla inam artdı və insanlar
pullarının kartda daha güvənli olduğu qənaətinə gəldilər.

Ancaq indi kartlardan pul oğurlaması halları da baş verir, özü də böyük
məbləğlərdə. Bu kimi məsələlər gündəmə gələndə, banklar vətəndaşları diqqətli
olmağa, kart məlumatlarını 3-cü şəxsə verməməyi məsləhət görürlər.

Ancaq bu kimi oğurluq halları yaşananda adamda sual yaranır ki, mənim də
kartımdakı pulu oğurlaya bilərlər? Kartda saxlamaq nə dərəcədə etibarlıdır?

Məsələ ilə bağlı “Kaspi” qəzeti

nin əməkdaşı mütəxəssislərlə söhbətləşib.

Bank eksperti Emin Mahmudov deyir ki, bank və kart sektoru inkişaf etdikcə
dələduzluq və kartlardan oğurluq halları da artır, lakin qeyd etməliyik ki,
kartlardan pul oğurlanması halı banklara bağlı olmadığı üçün bu, əhalinin
kartda pul saxlamasına mane olacaq faktor kimi çıxış etmir: “Tutaq ki, bir
bankda ay ərzində 2 milyon əməliyyat olursa, bunun 10-u dələduzların kartdan
pul oğurlanması ilə bağlı olur. Yəni belə hallar çox azdır. 5 hal bir bankda, 3
hal başqa bir bankda olanda, bu, bir az narahatlıq və əhali arasında təşviş
yaradır ki, kartlardan pullar oğurlanır. Ancaq nəzərə alaq ki, indiyə kimi
Azərbaycanda kartdan pulun oğurlanması heç vaxt bankın günahından olmayıb.
Kartdan oğurluq halı 99 faiz halda müştərinin öz səhvi ucbatından olur. Həm
kartların üstünlüklərini, həm də bu riskləri nəzərə alaraq müştəri özü
ölçüb-biçib pulunu kartda saxlayıb-saxlamamaqla bağlı qərar verir. Yəni bizdə
bu hallar çox deyil, üstəlik də banklarla bağlı deyil. Ona görə insanların
pullarını kartda saxlamaqdan çəkinəcəklərini düşünmürəm”.

E.Mahmudov bildirdi ki, təhlükəsizlik qaydalarına riayət etmək şərtilə
pulumuzu kartda saxlamaqdan çəkinməməliyik: “Bütün kart istifadəçilərini əmin
edə bilərik ki, 3-4 sadə təhlükəsizlik tədbirinə əməl etsəniz, kartınızdan pul
heç vaxt oğurlana bilməz”.

Ekspert həmin təhlükəsizlik qaydalarını da qeyd etdi: “Kartın 16 rəqəmdən
başqa əlavə heç bir məlumatı 3-cü şəxsə verməyin. Sizə pul köçürürlərsə,
CVV/CVC kod, kartın bitmə tarixi heç vaxt lazım olmur. Yaxud sizə link göndərib
deyirlər ki, sizdən heç nə istəmirik, linkə özünüz daxil edin. Kart
məlumatlarınızı heç bir linkə, tanımadığınız saytlara daxil etməyin. Kartın pin
kodunu kartın üzərinə yazmaq olmaz. Bankın “application”ununu mütləq yükləmək
lazımdır. Sabah kart oğurlananda, itəndə, tez tərpənib kartı bloklayasınız.
Böyük məbləğdə pulu karta qoyursunuz, amma oğurlanacağından qorxursunuzsa,
bankın proqramından kartı bloklayırsınız, sizə lazım olan vaxtı blokdan çıxarıb
istifadə edirsiniz.

Bəzən bankdan zəng gəlir, bəzən isə dələduzlar bank əməkdaşı adından zəng
vururlar. Siz hansı olduğunu müəyyənləşdirə bilmirsinizsə, zəng edən əməkdaşın
adını və ofisdə daxili telefon nömrəsini soruşun. Deyin ki, mən sizinlə əlaqə
saxlayacam. Sonra bankı özünüz yığıb həmin şəxslə danışmaq istədiyinizi deyin.
Bu zaman əmin olacaqsınız ki, bankla danışırsınız”.

İnformasiya Texnologiyaları mütəxəssisi Rəşad Əliyev deyir ki, kart istifadəsi
ilə bağlı təlimatlar var, onlara diqqət edilməyəndə kartdan oğurluq halı baş
verir: “Bank kartları ilə bağlı təhlükəsizlik standartları var. Banklar bunları
edirlər, müştəriyə də bu məlumatları verirlər. Hansı kodları 3-cü şəxslə
paylaşmamalı olduğunu bildirirlər. Amma insanlar əgər orda qeyd edilənlərə
riayət etmirlərsə, problemlə üzləşirlərsə, bankı günahlandırmaq düzgün deyil”.

R.Əliyev bildirdi ki, böyük məbləğlərdə oğurluqlardan sığortalanmaq üçün
insanlar hansı kartı harada istifadə etməli olduqlarını bilməlidirlər: “Banklar
kartlardan oğurluq hallarının qarşısını almaq üçün hazırda kartları
kateqoriyalara bölüblər. Məsələn, maaş, səyahət, alış-veriş və sair kartlar
var. Düzdür, kartların hamısı multifunksionaldır. Amma buna baxmayaraq,
onlardan növlərinə uyğun istifadə etmək daha yaxşı olar. Maaş, yaxud pul
yığdığınız kartları alış-veriş üçün istifadə etmək doğru deyil. Onlayn
alış-verişdə maaş kartını istifadə edirsinizsə, burada da risk ehtimalı
yaranır. Maaş kartı hər ay müəyyən məbləğdə pul gələn kart hesabıdır. Bu kart
hesabını elektron kommersiya saytına qoymusunuzsa, saytın etibarı yoxdursa,
sabah o kart məlumatlarınız bəd fikirli insanların əlinə keçə bilərsə, maaş
vaxtı o ödənişi ələ keçirməyə çalışacaqlar. Bank təklif edir ki, onlayn
alış-veriş üçün virtual istifadə edin. Bir də “3D security”ni aktiv edin”.

Source link