“Pulun yoxdur, maşın sürmə” – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının mərkəzi hissələrindəki parkinq qiymətlərinin kəskin qaldırılması ciddi
müzakirələrə yol açıb. Kirayədə qalanlar, iş yerlərinə avtomobillə getməyə
məcbur olanların yeni parkinq qaydaları ilə bağlı narazılıqları səngiməmiş,
indi də bu məsələ ilə bağlı fikirlər heç də birmənalı deyil.
Yeddi aya yaxındır ki, istifadəyə verilən “AzParkinq” mobil tətbiqi şəhər
əhalisinin rahatlığının təmin edilməsinə hesablansa da, sistemdən narazı
qalanların sayı günü-gündən artır. Xatırlayırsınızsa, mobil tətbiq istifadəyə
verilərkən “cəlbedici marketinq siyasəti həyata keçirilir”, “bu gündən
nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı nağdsız olacaq”,
“sürücülər boş parklanma yerlərini tapa, vaxtlarına qənaət edə biləcəklər” kimi
qulağa xoş gələn məqamlar diqqətə çatdırılırdı. Belə də oldu. Amma qiymətlər,
gözlənilən, lakin həyata keçməyən güzəştlər əhalini narazı salır.
“Kaspi”
qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
“Sistem belə işləməməli idi”
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov “Kaspi” qəzetinə
açıqlamasında bildirdi ki, sistem əslində belə işləməməli idi: “Bəzi ölkələrdə
parklanma əraziləri bələdiyyələrə aiddir. Yəni hər bələdiyyənin öz ərazisindəki
park yerləri, icra hakimiyyətinin balansında müəyyən əraziləri və ümumi yollar
olur. Bizdə isə belə deyil. Biz əslində indiki “AzParkinq”in analoji
təcrübəsini bir neçə il öncə yaşamışdıq. Bakının müəyyən ərazilərində kiosklar
var idi, insanlar park edəndə ən yaxın kioskdan pulunu ödəyirdilər. Həmin vaxt
Moskvada, Londonda artıq mobil telefonlarla müəyyən iş dövriyyəsi olan
parklanma yerləri yaradılmışdı. Biz o zaman da gözləyirdik ki, xarici analoji
təcrübələr istifadə olunacaq, amma olmadı və bir müddət sonra kiosklar da ləğv
edildi”.
“Parklanma xidməti gəlir mənbəyi deyil”
Mütəxəssis bildirir ki, hazırkı sistemin tətbiqində əsas məqsədə fokuslanmaq
lazımdır. Parklanma xidməti gəlir mənbəyi deyil: “Dünya ölkələrində də şəhərin
mərkəzi hissələrinə girişi azaltmaq üçün qiymətlər digər ərazilərdən yüksəkdir.
Bu, normaldır və məqsəd camaatdan daha çox pul almaq deyil. Təəssüflər olsun
ki, bizdə problemlər var. Məsələn, bəzi yerlər var ki, əvvəllər müəyyən
qadağanedici zolaqlar olsa da, sürücülər orada qanunsuz park edirdi və tıxac
yaradırdı. “AzParkinq” problemi həll etmək üçün bunu ləğv etmədi, sadəcə orada
parklanmanı qanuniləşdirdi. Belə vəziyyətlərdə insanlar düşünür ki, məqsəd
avtomobilləri kənarlaşdırmaq yox, daha çox pul qazanmaqdır”.
“Yeniliklər insanların iqtisadi vəziyyətinə uyğun olmalıdır”
Həmsöhbətimiz deyir ki, parklanmadakı yeniliklər insanların iqtisadi
vəziyyətinə uyğun olmalıdır: “İnsanların həyat standartları, maaş göstəriciləri
nəzərə alınmadan qoyulan qiymətlər təbii ki, tənqidə yol açacaq. Bir təcrübə
“a” ölkəsindən “b” ölkəsinə inteqrasiya ediləndə olduğu kimi deyil, müəyyən
motivlərə uyğun həyata keçirilməlidir. Biz ya olduğu kimi gətiririk, ya da daha
da ağırlaşdırırıq. İnsanların iqtisadi vəziyyəti nəzərə alınmalıdır. Sosial
şəbəkələrdə “pulun yoxdur, maşın sürmə” deyənlərə də rast gəlirik”.
Sistem kirayədə yaşayanların hüquqlarını pozur?
Parkinqlə bağlı digər problem kirayə yaşayanlar və qeydiyyatsız evlərdə
olanların tətbiqdə sakin hesab olunmaması, güzəştlərdən faydalana bilməməsidir.
Sakinlər güzəştlərdən faydalana bilməmələrini hüquqlarının pozulması kimi
qiymətləndirirlər.
Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, yaşadığın ərazidə qeydiyyatda
olmamaq, kirayə müqaviləsi bağlamamağın özü qanun pozuntusudur: “Qanunsuz bir
hərəkəti başqa bir qurum tərəfindən legitimləşdirmək istəyi düzgün deyil. Bəli,
Bakıda 100 minlərlə insan qeydiyyatsız yaşayır. Evlər var ki, daşınmaz əmlak
kimi dövlət əmlakının reyestrinə daxil edilməyib. Bu, problemdir, amma
parklanma sisteminin qeydiyyatsız, yaxud müqaviləsiz kirayədə evdə yaşayanı
sakin kimi tanımaması hüquq pozuntusu deyil”.
Açıq qalan suallar
Bu sistem tətbiq olunduqda iş yerlərinin ərazisində də güzəştlərin tətbiqi
planlaşdırılırdı. Çünki bir şəxs əgər gün ərzində doqquz saat işdə olmalıdırsa,
hər gün üçün 10-12 manat parklanma üçün ödəniş etməsi xərclərinə ciddi şəkildə
təsir edir. S.Məmmədov deyir ki, bu, insanlara ciddi problem yaradır: “Məsələn,
ən azı tədris mərkəzləri, kolleclər, universitetlər, hansıların ki, parklanma
yerləri yoxdur, burada parklanma ya ümumiyyətlə pulsuz edilməlidir, ya da
güzəştlər tətbiq olunmalıdır. Çünki müəllimlərin maaşı bu qiymətləri ödəməyə
imkan vermir. Lakin onlar bununla bağlı müraciət etsələr də, birmənalı olaraq
imtina verirlər, bu da açıq qalan sualdır”.
Güzəştlər nəzərdə tutulur
Güzəşt gözləyərkən, şəhərin mərkəzindəki avtodayanacaqların qiymətinin
fantastik həddə bahalaşması yenidən ciddi narazılıq yaradır. Məsələn, Bakının
ən böyük avtomobil dayanacağı hesab olunan “Qış parkı”ndakı parkinq qiymətləri
nə az, nə çox – birdən-birə 170% artırılır.
Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, qiymətlər tələb və təklifə görə
müəyyənləşir: “Tələb nə qədər çox, təklif az olsa, təbii ki, bu, qiymətlərə
təsir edəcək. Bu problemin həlli üçün dayanacaqların sayını artırmaq lazımdır
ki, rəqabət formalaşsın”.
Nəqliyyat mütəxəssisi deyir ki, güzəştlərin tətbiq edilməsinə də yəqin ki,
gələcəkdə diqqət ayrılacaq: “Elə məsələlər var ki, mərhələlərlə həllini tapır.
Hazırda güzəştlərlə bağlı araşdırmalar aparılır. Yaşadığı, işlədiyi ərazinin
imkanlarından asılı olaraq sürücülərə güzəştlərin tətbiq edilməsi nəzərdə
tutulur”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə deyir ki, Hökumət evi, “Qış parkı”
və “Mərkəzi park”da yeraltı parklanma məntəqələri üzrə parklanma fəaliyyətindən
daxilolmalar xərcləri tam qarşılamır: “Parklanma məntəqələrində mövcud
avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi
və s.) qeyri-qənaətbəxş vəziyyətdədir. Təmiri və yenilənməsi üçün əsaslı vəsait
qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə
göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin
dəyişdirilməsi məqsədəuyğun hesab edilib”.