c183f49f-706e-4e92-a04f-e30294dc9709..jpg

Putin Ərdoğandan kömək istəyir – TƏHLİL

Baxış sayı: 2. 554 dəfə baxılıb.

Putin Ərdoğandan kömək istəyir – TƏHLİL

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan
arasında yanvarın 2-də telefon danışığı olub.

Moskva-Ankara diplomatik-siyasi xəttində 2022-ci ildə baş tutan ilk danışığın
məzmununda Ukrayna böhranı əsas müzakirə mövsuzuna çevrilib.

Putin-Ərdoğan danışığının mayasında dayanan əsas məsələ Kreml-Kiyev
münasibətlərinin gərginləşməsi fonunda Moskvanın Ankaradan umduğu dəstəkdir.

Rusiya istəyir ki, öz təhlükəsizliyinə zəmanət verəcək hüquqi öhdəlik yaradan
sazişlərin hazırlanmasına Türkiyə də töhfə versin.

Çünki:

1. Rusiya Qərblə soyuqlaşan və kəskin qütbləşmə yaradan münasibətlər
sistemində ən yaxın “dostu”, NATO üzvü Türkiyəni vasitəçi olaraq dəyərləndirir.
Türkiyənin vasitəçiliyi Qərbə də sərf edir.

2. Rusiya-Türkiyə münasibətlərinin inkişafı ikitərəfli əlaqələrə yeni gündəlik
gətirir.

Rusiyanın cızdığı strateji tablo bundan ibarətdir ki, NATO onun sərhədlərinə
“qırmızı xətti keçəcək” həddə yaxınlaşmasın.

Vladimir Putinlə ABŞ Prezidenti Cozef Baydenin dekabrın 30-da baş tutan
telefon danışığı görünür ki, heç də yumşaq tonda keçməyib.

Məhz buna görədir ki, Baydenlə rabitədən sonra Putinin Ərdoğanla müzakirəsi
Moskvanın dəstək qazanmasına hesablanmış addım kimi dəyərləndirilə bilər.

Rusiya məqsəd güdür ki, bu ilin yanvarın 9-10-da Rusiya-ABŞ rəsmilərinin
Cenevrədə gözlənilən danışıqlarında Türkiyə tərəfinin dəstəyini Moskvanın əlini
gücləndirən mexanizm kimi qələmə versin.

Ümumiyyətlə yanvar ayında qlobal arenada intensiv təmaslar gözlənilir.

Cenevrə danışıqlarından sonra tərəflər yanvarın 12-də Brüsseldə müzakirələrin
yeni mərhələsinə qoşulacaqlar.

ABŞ-ın Rusiyanı sanksiyalarla hədələməsi, Moskvanın genişmiqyaslı sanksiya
tətbiqi variantını böyük səhv kimi xarakterizə etməsi, tərəflərin diplomatik
potensiallarını yenidən dəyərləndirmək üçün fürsət tanıdıb.

Əgər hüquqi təminata dair əhəmiyyətli icra mexanizmi qurulmasa, Rusiya
diplomatik təmaslarda sanksiyalar qarşılığında ata biləcək hərbi addımları
diqqətə çatdıracaq.

Türkiyə Ukraynanı dəstəkləyir, amma Moskva Ankaraya “əl uzadaraq” ən azından
bu dəstəyi minimallaşdırmaq istəyir.

Rusiyanın təhlükəsizliyi üçün Qərbdən qarantiya alması resepti bundan
ibarətdir ki, Moskva və Vaşinqton bölünməz və bərabər təhlükəsizlik prinsipi
üzrə əməkdaşlıq etsinlər.

Rusiya tərəfindən Qərbə təqdim edilən layihənin mətnində qeyd olunur ki,
üçüncü ölkənin ərazisindən digər tərəfə silahlı hücum istisna edilir.

Qeyd olunur ki, tərəflər öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi
hesabına gücləndirməsinlər.

Sənədə əsasən, Rusiya və NATO bir-birini düşmən hesab etmədiklərini
təsdiqləməli, NATO Ukrayna və bir sıra ölkə ərazisində istənilən hərbi
fəaliyyətdən əl çəkməlidir.

Putin-Ərdoğan danışığında liderlər Rusiya ilə Türkiyə arasında qarşılıqlı
faydalı tərəfdaşlığı gücləndirmək üçün qərarlı olduqlarını açıqlayıblar.

Bu, Ukrayna mövzusu ilə yanaşı tərəflərin birgə maraqlarının Cənubi Qafqazda
da təmin edilməsi məsələsini də özündə ehtiva edir.

Liderlər telefon danışığında Cənubi Qafqazdakı yeni reallıqları müzakirə
ediblər. Türkiyə tərəfinin yaydığı məlumatda bildirilir:

“Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Qafqaz, Suriya və Liviya ilə yanaşı
regional və beynəlxalq məsələlərin müzakirə ediblər. Söhbət zamanı
Türkiyə-Rusiya əməkdaşlığının bütün sahələrdə inkişaf etdirilməsi əzmi bir daha
vurğulanıb”

2022-ci ildə Türkiyə ilə Rusiya Cənubi Qafqazda mövqelərini uyğunlaşdırmağa
çalışacaq. Hələlik bu iki ölkənin maraqlarının uzlaşdığı əsas platforma elə
Cənubi Qafqazdır.

Ancaq Türkiyənin Rusiyaya hansı dərəcədə dəstək göstərəcəyi sual altındadır.

Qərbin həm Rusiya, həm də Türkiyəyə qərəzli münasibəti Ankara ilə Moskvanı
yaxınlaşdırsa da, Türkiyə üçün Ukrayna məsələsi Kremllə əməkdaşlığın fövqündə
dayanır.

Aqşin Kərimov

Source link