Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Corc Buşu 11 sentyabr hadisələrindən iki gün əvvəl terror təhlükəsi ilə bağlı xəbərdar edibmiş.
REN TV xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq analitiki Corc Bibi öz kitabında belə yazıb.
Kitabda deyilir ki, Putin həmkarı Buşa zəng edib, ona rus kəşfiyyatının yaxınlaşmaqda olan terror təhlükəsi ilə bağlı müəyyən əlamətləri aşkarladıqlarını bildiribmiş. Putin bu terror aksiyasının çoxdan hazırlandığını və “Əfqanıstandan gəldiyini” də söyləyibmiş.
Xatırladaq ki, “Əl-Qaidə” terror qruplaşmasının üzvləri 11 sentyabr 2001-ci ildə dörd sərnişin təyyarəsini ələ keçirərək, onları Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin qüllələrinə və Pentaqonun binasına çırpmışdılar. Dördüncü təyyarə Pensilvaniyada qəzaya uğramışdı. Hadisələr nəticəsində 3 min nəfər həlak olmuşdu.