d2b7bf38-7f5c-4919-be1e-14d1d881ab66..jpg

Putin-In danışıqları: Şimali Koreya Ukraynaya “gəlir”? – TƏHLİL + FOTO

Baxış sayı: 535 dəfə baxılıb.

Putin-In danışıqları: Şimali Koreya Ukraynaya “gəlir”? – TƏHLİL + FOTO

Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen Inın
“Vostoçnı” kosmodromunda baş tutan müzakirələri ikitərəfli əlaqələrdə
tərəfdaşlığın yüksələn xəttinin davam edəcəyi ehtimalını gücləndirir.

Rusiyanın şərqində baş tutan görüşdən sonra Şimali Koreya lideri Kremlin
Ukraynada həyata keçirdiyi hərbi kampaniyasını müqəddəs mübarizə kimi qələmə
verərək ona tam dəstəyini ifadə etdi.

Qəribə deyil, Rusiya Şimali Koreyanın raket proqramlarını, atom sualtı
gəmilərini kritik və qabaqcıl texnologiyalarla təkmilləşdirməkdən ötrü Pxenyana
köməklik edəcəyini söz verir.

Hiss olunacaq dərəcədə görünür ki, Şimali Koreya-Rusiya hərbi əlaqələrinin
yenilənməsi Pxenyanın çoxdan arzuladığı texnologiyalara çıxışını reallaşdırmağa
yaxşı şərait yaradır.

Bu, tez-tez ballistik raketlərin sınağını keçirən, lakin ən müasir silahlar
üzrə dünya reytinqində o qədər də yüksəkdə olmayan Şimali Koreyanın BMT
qərarlarına itaətsizlik göstərməsini davam etdirəcək stimuldur.

Putinə gəlincə, o, bunun müqabilində Kim Çen Indan Ukraynadakı müharibəyə görə
Moskvaya dəstəyini davam etdirməyi, hətta Kiyev-Qərb oxuna qarşı strateji və
taktiki əməkdaşlığın çərçivələrində əhəmiyyətli yer tutmağı istəyir.

Burada qlobal siyasi nizamın dağıdılıb onun yenisi ilə əvəzlənməsi prosesində
Şimali Koreyanın arta biləcək rolunu qeyd etmək məntiqli səslənir.

Çünki Putin-In görüşünün nəticəsi olaraq Şimali Koreyanın Ukrayna əleyhinə
Rusiyanı həddindən artıq silah-sursatla təmin etməsi üçün böyük bir hərbi
müqavilə imzalanması baş tuta bilər.

Bu məsələ regional yox, qlobal tablonu qarışdırır, çünki Moskva ilə Pxenyanın
Ukraynaya qarşı birliyində Çinin də yer alacağı ehtimalları zəif versiya deyil.
Üstəgəl, Rusiya ilə Şimali Koreyanın əlaqələri ABŞ-Cənubi Koreya-Yaponiya
üçtərəfli formatındakı əməkdaşlığa təkan verir.

Beləliklə, Ukraynadakı müharibənin gedişatı Rusiya-Şimali Koreya arasında
hərbi, siyasi ehtiyacların və maddi maraqların yaxınlaşmasına, Çinin həmin
çərçivələrdə möhkəmlənməsinə, alternativ olaraq isə Qərb-Cənubi Koreya-Yaponiya
bucağındakı dərəcələri artırmağa zəmin yaradır.

Ancaq Rusiya-Şimali Koreya isti münasibətlərinə Çinin cəlb edilməsi cəhdləri
üçtərəfli formatda istənilən nəticələri bəxş etməyə bilər. Ona görə ki, mümkün
Rusiya-Şimali Koreya-Çin koalisiyasının strateji dərinlikdə qalması Pekin üçün
məqbul sayılmır.

Bu fikri söyləyəcək məntiq bu amilə söykənir ki, Çin özünün alternativ güc
kimi böyüməsini fərqləndirici xüsusiyyətlərlə həyata keçirir, bunu
iqtisadi-ticari layihələrə sızmaqla inkişafa qərq edir.

Hər halda, Rusiya-Şimali Koreya əlaqələrinin çoxtərəfli koalisiyaya keçid
edib-etməməsindən asılı olmayaraq, ABŞ narahatdır. ABŞ öz narahatlıqlarını
diqqət mərkəzinə salmaqdan ötrü Rusiya-Şimali Koreya oxuna qarşı təzyiqlərinin
ölçüsünü böyüdəcək.

Çünki Vaşinqton onu quyuya sürükləmək üçün qeyri-adekvat hərbi imkanların
görünməsinə imkan verməməyi öhdəsinə götürüb.

ABŞ və onun müttəfiqləri Şimali Koreyanın Rusiyaya dəstək məqsədilə Ukraynaya
göndərə biləcəyi hərbi texnikalara qarşı çıxmaq üçün iqtisadi və informasiya
əməliyyatlarını inkişaf etdirə bilər.

ABŞ-nin iştirak etdiyi ittifaq və tərəfdaşlıqlar müdafiə məqsədlərinə diqqət
yetirdiyindən Vaşinqtonun çətiri altındakı koalisiyalar Rusiya-Şimali Koreya
münasibətlərindən doğa biləcək təhdidlərin qarşısını almaq üçün Vaşinqtondan
yardımlar istəyə bilərlər.

Aqşin Kərimov

Source link