Rusiyada LGBT fərdlərinə yanaşma normaldır və sakitdir. Məşhur müğənni ölkəmizi ikinci dəfə bu mövzuda ittiham etməklə səhvə yol verir.
“RİA Novosti” xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
V.Putin bildirib ki, artıq liberal dəyərlər onun ölkəsindən uzaqlaşır və əhalinin böyük qisminin maraqlarına cavab vermir:
“Bununla belə, bütün növ ideya daşıyıcılarının Rusiyada mövcud olma və yaşama hüququ var. Buna heç kim qarşı ola bilməz. Qeyri-ənənəvi cinsi orientasiyaya malik insanlar mənim ölkəmdə təhlükə altında deyillər”.
Rusiya Prezidenti məşhur müğənni, eyni zamanda, homoseksual olduğu bilinən Elton Conun ittihamları ilə razılaşmadığını deyib:
“Elton Conu müğənni kimi çox bəyənirəm, əfsanəvi musiqiçidir, ara-sıra Rusiyaya səfər edir, maraqla dinləyirik, amma LGBT mövzusundakı ittihamları yersizdir. Heç bir şeyi təhrif etmədən bildirirəm ki, Rusiyada bu mövzuda hər şey qaydasındadır.
Sadəcə, bizdə qanun var ki, homoseksualizmin azyaşlılar arasında təbliğatı qadağandır. Gəlin, imkan verək, insanlar böyüsünlər, ondan sonra hansı yolu getmək istədiklərinə qərar verərlər”.
Qeyd edək ki, E.Con V.Putinə açıq məktub yazaraq, onun Rusiyada LGBT fərdlərinin heç problemi olmadığını iddia etməklə ikiüzlülük etdiyini bildirib.