8fda9d4e-370b-42ba-abf9-f60061d3bae3..jpg

Putinin müraciətindəki ştrixlər: START-a STOP – ŞƏRH

Baxış sayı: 3. 415 dəfə baxılıb.

Putinin müraciətindəki ştrixlər: START-a STOP – ŞƏRH

Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibənin ildönümü ərəfəsində
Federal Məclisə müraciətin ruhunu 3 hissəyə bölmək olar:

1. Qərbə yönəlik ittihamlar;

2. Ukrayna müharibəsinin başlanmasında Kiyev administrasiyasını təqsirləndirən
tezislər;

3. Ukraynadakı müharibənin perspektivinə dair təhlükəli fikirlər.

Putinin Qərbi ittiham edən motivlərində yeni bir ideya yoxdur, lakin Rusiya
lideri çıxışını təsirli etmək üçün ritorikasını bir az da sərtləşdirib. Sözsüz
ki, əsas məqsədlərdən biri də daxildən ucala biləcək səsləri azaltmaqdır.

Bütövlükdə isə Putinin çıxışı Rusiyanın Ukrayna üzərindəki maksimalist
məqsədlərdən geri çəkilmədiyinin bəyanıdır və Moskva daxildəki problemləri həll
edərək məqsədlərinə doğru irəliləyiş əldə etmək istəyir.

Ancaq Rusiyanın önündə daha böyük maneə dayanır – bu, Moskvaya qarşı tərzini
kəskinləşdirən NATO-dur. Xüsusilə ABŞ və Böyük Britaniya Rusiyanın Ukraynaya
hərbi müdaxiləsinin NATO üçün yarada biləcəyi təhdidlərin miqyasını ən azından
minimallaşdırmaqdan ötrü Ukraynaya dəstəyin həcmini böyüdürlər.

NATO Ukraynaya hərbi yardım etməklə dolayı yollarla özünü müdafiə edən
mexanizmləri formalaşdırır, lakin Rusiyanın qisasçılıq niyyəti də səngimək
bilmir.

Qərbin Ukraynaya silah ötürməsi Rusiyadakı aqressiyanın sərhədlərini
Ukraynanın hüdudlarından da kənara çıxara bilər.

Putinin “Ukraynaya nə qədər uzaqmənzilli Qərb sistemləri gələcəksə, biz
təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdırmağa məcbur olacağıq” fikrini
səsləndirməsi Rusiyanın silah gətirən kanalları yıxmaq hədəsinin davamıdır.

Putin müharibə meydanında Rusiyanın üzləşdiyi taktiki uğursuzluqlar zolağının
üzərini NATO-nu hədələməklə örtməyə cəhd edir. Hərçənd ki, Rusiya üçün strateji
məğlubiyyət mərhələsi də başlamayıb.

Bununla belə, Rusiya özü də bilir ki, NATO ölkələrindən birinə raket atılması
Moskvanın kollektiv hücumla qarşı-qarşıya gəlməsi deməkdir.

Rusiya yalnız ölkəyə hücum olacağı təqdirdə müdafiə olunmaq üçün hücum edən
tərəfə cavab verə bilər, amma hazırda Ukraynadakı müharibə belə bir həddi
yetişdirməyib.

Deməli, Putinin hədə tonu NATO-nu Ukraynadakı müharibədəki iştirak səviyyəsini
aşağı endirmək və ya tamamilə çəkindirməyə konsentrasiya olunub.

Ola bilsin ki, Putin çıxışının NATO-ya təsir edəcəyi mövqeyindədir. Putini
şirnikləndirən təamlardan biri də ABŞ-nin START müqaviləsi (Strateji Hücum
Silahlarının Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilə)
üzrə Rusiya ilə danışıqları bərpa etmək çağırışlarıdır.

Putin hesab edir ki, ABŞ belə təklifləri Rusiyanın müharibədə yarada biləcəyi
nəticələrlə barışmaq üçün səsləndirir.

Ancaq Vaşinqtonun niyyətində Putini tələyə salıb Rusiyanı dalana sıxışdırmaq
prinsipləri də dayana bilər.

Ağ Ev təkliflər seriyası ilə əslində Rusiyanı cürətləndirib START
müqaviləsindən çıxmağa təhrik edir.

Putin də çıxışında ölkəsinin müqavilədə iştirakını dayandırdığını bildirib və
deyib ki, bu, həmin sənəddən çıxmaq mənasını vermir.

Putin də bu məsələdə ehtiyatlı davranaraq ABŞ-nin sonrakı addımlarının
ölçülərini götür-qoy etmək arzusundadır.

Hər halda, Rusiyanın START-ı stop etməsi Putinin nüvə şantajlarına qanuni don
geyindirməsi üçün şərait yaradacaq.

Məsələnin belə bir cəhəti də ortaya çıxır ki, Rusiyanın START-da iştirakını
dayandırmaq qərarı Qərbə bu sahədə çoxtərəfli sazişin hazırlanmasına təkan verə
bilər.

NƏTİCƏ: Putinin hədələyici tonu NATO-nun müharibə meydanını necə yönləndirə
biləcəyini müəyyən etmək üçün barometr idi.

Putin NATO-nu çəkindirmək üçün hər cür vasitəyə – blefdən tutmuş reallıqda ata
biləcəyi addımlara qədər əl atır.

Ukraynadakı müharibə isə çoxmərhələli gedişlərə hazırlanır, ən azından ona
görə ki, nə NATO, nə Kiyev, nə də Moskva öz fundamental maraqlarından əl çəkib.

Aqşin Kərimov

Source link