Putinin qələbəsindən sonra… – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyada keçirilən prezident seçkisində Vladimir Putinin yenidən qələbə
qazanması ilə Moskvanın bundan sonrakı geosiyasi doktrinası daha da sərtləşə
bilər.
Çünki Putinin rəqibsiz daxili siyasi mühitdə qələbə qazanması Kremlin apardığı
siyasətin Rusiya cəmiyyəti tərəfindən dəstəklənməsi tendensiyasını
gücləndirəcək.
Rusiya əsasən Ukraynada apardığı hərbi kampaniyanın öz xeyrinə dinamik cəbhə
xətti kimi qalmasını asanlaşdırmaqdan ötrü yeniliklər edə bilər.
Bu o deməkdir ki, Kreml Ukraynada uzun sürən müharibə üçün informasiya
şərtləri yaradıb cəmiyyəti buna inandırmaq üçün təbliğat materiallarını
çoxaldacaq.
Əgər Rusiya Ukraynadakı müharibədə can atdığı geosiyasi nəticələri əldə etsə,
onda Kreml praktiki ambisiyalarını postsovet məkanından Avropanın içərilərinə
doğru uzanan zolaq boyunca davam etdirəcək.
Moskva üçün xarici dəstəklər də vacibdir, buna görə də, Rusiyanın ən çox İran,
Çin və Şimali Koreya ilə hərbi-texniki əməkdaşlıq xəttini gücləndirəcəyi
ehtimal edilir.
Bunun fonunda Rusiya NATO-nun Ukraynada ata biləcəyi radikal addımlara
qarşılıq olaraq nüvə ritorikasını radikallaşdıracaq.
Kremlin buradakı məqsədləri təkcə çəkindirmə deyil, həm də Qərbi danışıqlara
cəlb etməkdir.
Yox, əgər NATO ilə Rusiya arasında birbaşa qarşıdurma ehtimalı ciddidirsə, o
zaman Rusiya uzunmüddətli müharibə aparmaq üçün hücum və müdafiə
komponentlərinə ciddi nəzər salacaq.
Bu, birbaşa Rusiyanın maraq dairəsinə daxil olan regionlarda Kreml havasını
gücləndirə və Moskvanın müxtəlif üsullarla taktiki manevrlərə həvəsləndirə
bilər.
Rusiya xarici siyasətinin ambisiyalı gündəlik əsasında davam etdirilməsi üçün
ABŞ-dəki prezident seçkisini də həyəcanla və diqqətlə izləyir. Rusiya ABŞ-də
Konqreslə Ağ Ev arasında hökm sürən və getdikcə dərinləşən gərginliyə təbliğat
materialları ilə daha tünd fon verməyə çalışacaq.
Beləliklə, Kreml nəyin bahasına olursa-olsun ABŞ-dəki seçki prosesinə barmaq
uzatmağa, Ukraynadakı vəziyyəti ABŞ-nin boynuna yıxmağa həvəslidir.
Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyaların praktiki ölçüsünün effektiv
olmaması isə Moskvanın əlini-qolunu daha geniş açmağa şərait yaradır.
Hərçənd ki, Qərb Putinin seçkidəki qələbəsindən sonra Rusiyaya qarşı müstəsna
performans göstərə bilmək potensiallarını araşdırır.
Bu araşdırmaların Moskva əleyhinə geoiqtisadi ölçülü böyük nəticə hasil etməsi
isə sual altındadır, çünki heç bir təzyiq Rusiyanı Ukraynada apardığı
müharibədən çəkindirmir.
Putin üçün də oxşar bir sual açıq qalır: Görəsən, Rusiyanın Ukraynadakı
müharibəsi NATO-nun təməl daşlarını aşındıra biləcəkmi?
NƏTİCƏ
Putinin qələbəsindən sonra Moskvanın xarici siyasətini daha da
radikallaşdıracağı düşünülür.
Bununla belə, Rusiya və Qərbin bir-birini geri oturtmaq üçün həmlələrinin
miqyasını indiki zamanda təsvir etmək o qədər də asan deyil.
Amma bu dəqiq hesab oluna bilər ki, Rusiya ilə NATO rəqabət aparan tərəflər
kimi bir-birlərinin daha güclü və ən zəif tərəflərini tanımaq üçün imkanları
genişləndirəcək.
Bu, tərəflərin maksimum resurs yaratmaq strategiyalarını yenidən müəyyən
edəcəyi deməkdir.
Aqşin Kərimov