effc3ef6-91ba-4047-9d84-636b585064b6..jpg

Qərbin suya düşən planları: Hər şey İrəvanın iradəsindən asılıdır – “Kaspi”nin TƏHLİLİ + FOTO

Baxış sayı: 485 dəfə baxılıb.

Qərbin suya düşən planları: Hər şey İrəvanın iradəsindən asılıdır – “Kaspi”nin
TƏHLİLİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı
ciddi addımlar atılır. Artıq işğaldan azad edilən dörd kəndin geri qaytarılması
və bu istiqamətdə delimitasiya proseslərinin yekunlaşdığını söyləyə bilərik.
Belə ki, bu həftə iki ölkənin müvafiq komissiyaları arasında sərhəd xəttinin
koordinatları ilə bağlı protokol imzalanıb. Bu məsələdə SSRİ Silahlı
Qüvvələrinin Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş
1976-cı il tarixli topoqrafik xəritəsi əsas götürülüb. Əldə edilmiş
razılaşmalara əsasən, yaxın günlərdə Azərbaycan və Ermənistan sərhədçiləri
sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcəklər.

“Kaspi”

qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Yeni reallıqlar qəbul edilir

Xüsusi qeyd edilməlidir ki, bir müddət əvvəl başlayan məlum proses məhz
ikitərəfli danışıqlar formatında aparılan müzakirələrin nəticəsidir. Son bir
neçə ildə sərhədlərin müəyyənləşdirilməsini ləngidən, bölgədəki gərginliyi
saxlamağa hesablanan planlar artıq işləmir. Səbəb isə məlumdur. Azərbaycanın 44
günlük müharibə və antiterror tədbirlərindən sonra yaratdığı reallıqlar artıq
qəbul edilir. Ən başlıcası isə – Ermənistan tərəfindən.

Revanşistlərin pozulan oyunu

Ermənistanda revanşist qüvvələr Bakı ilə İrəvan arasındakı hər anlaşmanı
fürsətə çevirərək siyasi gərginlik yaratmaq, prosesi pozmaq və hərbi
əməliyyatların yenidən başlamasına rəvac verməyə çalışırlar. Lakin Ermənistan
əhalisinin 44 günün yaratdığı reallıqları dərk etməyə başlaması bu təxribatları
nəticəsiz qoyur. Baş nazir Nikol Paşinyan hər fürsətdə Bakı ilə delimitasiya
məsələsində başlanğıc rolunu oynaya biləcək bu anlaşmaya qol qoyulmayacağı
təqdirdə yeni müharibə ehtimalını açıq şəkildə bəyan edirdi. Görünən odur ki,
rəsmi İrəvan sülhə gedən yolda maneələri aradan qaldırmaq əvəzinə, onları daha
da çətinləşdirmək siyasətinin sonunun uçurum olduğunu görməkdədir.

Sirr deyil ki, Nikol Paşinyanın indi sərgilədiyi mövqe onu hakimiyyətə
gətirənlərlə razılaşdırılmadan ortaya qoyula bilməz. Maraqlı məqam odur ki, bir
müddət əvvələ qədər Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istəyən Fransa,
ABŞ və onların planlarına xidmət edən bir sıra beynəlxalq təşkilatlar artıq
dörd kəndin geri qaytarılması və sərhədlərin müəyyənləşdirilməsi reallığı ilə
barışıblar.

Bir gündə iki tarixi hadisə

Proseslərin axarına və qəbul edilən qərarların ardıcıllığına nəzər salsaq,
əslində burada təəccüblü görünə biləcək məqamların olmadığı qənaətinə gəlmək
mümkündür. Bakının bölgədə əsas söz sahibi olması və özünün yaratdığı
reallıqlarla yanaşı, tarixi gerçəklikləri də gözardı etməməsi, siyasətini
praqmatizmə əsaslanan bərabərhüquqluluq, uzlaşma və qarşılıqlı hörmətə
əsaslanaraq qurması bütün daşların öz yerinə oturmasına təkan verir. Söhbət rus
sülhməramlılarının artıq Azərbaycanın suveren ərazilərini birdəfəlik və
qarşılıqlı anlaşma şəraitində tərk etməsindən gedir. Qeyd edək ki, Azərbaycan
və Ermənistan arasında sərhəd protokolunun imzalanması ilə eyni gündə Xocalıda
rus sülhməramlılarının ölkəmizi tərk etməsi ilə bağlı tədbir təşkil olundu.
Xatırladaq ki, sülhməramlıların gedişi ilə bağlı razılıq iki ölkənin liderləri
arasında qəbul edilmiş birgə qərara əsaslanır. Bu addım Rusiya-Azərbaycan
münasibətlərinin pisləşməsi fonunda yox, əksinə, Moskva ilə Bakının
əməkdaşlığının genişlənməsi fonunda yaşanır. Rusiya sərhədçiləri Ermənistan
ərazisində də Azərbaycanla sərhəddəki bəzi bölgələrdən çıxır. Bu qərar da iki
dövlətin rəhbərliyinin ortaq mövqeyi ilə əsaslandırılır. Lakin hər iki hal
müqayisə edildikdə vəziyyətin tamamilə fərqli olduğunu görürük. Ermənistan
rəsmən Rusiyanın hərbi müttəfiqi olsa da, indi aparılan siyasət Moskvadan
uzaqlaşma və onun maraqlarına zərbə vurmaq məqsədinə hesablanıb. İrəvanın
Kremllə əlaqələrinin gündən-günə pisləşməsi heç kimə sirr deyil.

Qərbdəkilərin dəyişən planları

Sülhməramlıların gedişinə dair Moskvanın mövqeyi Qərbdəki bəzi dairələrin də
Cənubi Qafqazla bağlı planlarında korrektələrə rəvac verib. Vaxtilə Moskva-Bakı
münasibətlərində əngəl kimi görünən sülhməramlı faktoru ortadan qalxdığı üçün
Cənubi Qafqazda təxribatçı planları pozulanlar bir həqiqəti gördülər. Dünyanın
az qala yarısı ilə düşmən olan Rusiya Azərbaycan dövlətinin milli maraqlarını
nəzərə alır, onun suveren hüquqlarına hörmətlə yanaşır. Təbii ki, Kremlin
beynəlxalq tərəzinin tərəflərini alt-üst edən davranışları fonunda Moskvanın
belə bir mövqe sərgiləməsini şərtləndirən başlıca amil Azərbaycan dövlətinin,
onun ali rəhbərliyinin yürütdüyü siyasət, Bakının artan beynəlxalq nüfuzudur.

Hər şey İrəvanın iradəsindən asılıdır

Bu, həm də o anlama gəlir ki, Azərbaycan Ermənistanla münasibətlərin
normallaşdırılması prosesində öz maraqlarını təmin etməyə, həmçinin beynəlxalq
hüquqa əsaslanan prinsiplər üzrə sülh sazişi imzalamağa, sərhədlərin
demarkasiyasına hazırdır. Təbii ki, söhbət vasitəçisiz, kənar müdaxilə olmadan
ikitərəfli danışıqlar formatından gedir. Əgər İrəvan dörd kəndlə bağlı
sərgilədiyi mövqeyi sona qədər qoruyub saxlamağı bacararsa, sərhədlərin
müəyyənləşdirilməsi ilə bağlı proses bir o qədər tez və problemsiz başa
çatacaq. Yəni hər şey İrəvanın təsir altına düşmədən üzərinə götürdüyü
öhdəlikləri sona qədər yerinə yetirməsi iradəsindən asılıdır.

Source link