“Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qəbələ” azarkeşlərini düşündürən məsələ ilə bağlı klub rəsmilərindən açıqlama
verilib.
“Red Black Army” azad azarkeş qrupunun rəhbəri Cavad Şərifli və təsisçilərdən
olanNəriman Təbriz bu barədə Cixisyolu.com-a danışıblar.
Cavad Şərifli qeyd edib ki, “Qəbələ”nin hansı liqada mübarizə aparmasına
baxmayaraq daima dəstəkləyəcək:
“Biz bu komandanı yalnız uğurları üçün sevməmişik ki, pis günündə gedək.
Qorxduğumuz tərəf maliyyə məsələləridir”, – deyə o bildirib.
Nəriman Təbriz də “Qəbələ”ni daim dəstəkləyəcəyini bildirib:
“Aşağı liqaya düşməsini əlbəttə istəmərik. AFFA-nın idman prinsiplərini nəzərə
alaraq liqada çıxış edən komanda sayının artırılması məsələsindən gələcək ümumi
cavabı səbirsizliklə gözləyirik. May ayının 10-da veriləcək qərarın nə
olacağını gözləyəcəyik. Klub rəsmilərinin bu məsələ ilə bağlı danışıqlar aparıb
aparmadığını isə bilmirik. Komanda aşağı liqaya düşərsə, qarşılaşacağı
problemlərdən biri maliyyə məsələsidir. Sponsorlar olmadan komandanı və
akademiyanı saxlamaq çətin olacaq. “Qəbələ” klubunun aşağı liqaya düşməsi bölgə
futbolu üçün fiasko ola bilər”, – deyə o qeyd edib.
“Qəbələ” futbol klubunun mətbuat katibi Asəf Zeynallı isə məsələ ilə bağlı
açıqlamasında hazırda mövcud durumla bağlı qeyri-müəyyənliyin olduğunu bildirib:
“Cari çempionat davam edir. Sponsorlarla qüvvədə olan müqaviləmiz var”.
Asəf Zeynallı azarkeşlərin komanda sayının artımı ilə bağlı sualına isə cavab
olaraq “liqada komanda sayının artırılmasına cavabdeh olan qurum var”, – deyə
cavab verib.
Qeyd edək ki, “Qəbələ” klubu hazırda 17 xalla turnir cədvəlinin sonuncu
pilləsində qərarlaşıb. ”Kəpəz” isə 31 xalla doqquzuncu pillədə qərarlaşıb. Bu
xal fərqi isə “Qəbələ” klubunun böyük ölçüdə liqanı tərk edəcəyini göstərir.
Anar Həsənov