Qəbələdə dini konfessiya nümayəndələrinin birgə dini dua ayini təşkil edilib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Alban-Udi Xristian dini icmasının
birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilən və
Vətən Müharibəsi günlərində istifadəyə verilən Məryəm Ana kilsəsində ölkəmizdə
fəaliyyət göstərən dini konfessiya nümayəndələrinin birgə dini dua ayini təşkil
edilib.
APA-nın Şirvan bürosu xəbər verir ki, dua mərasimindən əvvəl dini konfessiya
nümayəndələrinə Məryəm Ana kilsəsi barədə məlumat verilib, bərpa və
restavrasiyası müddətində həyata keçirilən işlərdən danışılıb. Daha sonra
kilsənin daxilində şamlar yandırılıb, birgə yaşayış mövzusunda sərgiyə baxış
keçirilib.
Ölkəmizdə fəaliyyət göstərən müxtəlif dinlərin nümayəndələri öz ana dillərində
ölkəmizin birlik və bərabərliyi üçün dua edib, şəhidləri rəhmətlə anıb,
qazilərə şəfa diləyiblər. Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili
bildirib ki, alban məbədlərinin, eləcə də ölkəmizdəki digər dini mərkəzlərin
vaxtaşırı təmiri tolerantlığa gözəl nümunədir.
Azərbaycan Bibliya cəmiyyətinin sədri Rasim Xəlilovun sözlərinə görə, bu gün
Azərbaycanda elə möhtəşəm proseslər baş verir ki, təkcə xalqlar deyil, həm də
dinlər, insanlar birləşir:
“Bəzən tolerantlıq barədə sual verirlər. Qeyd edim ki, Azərbaycan xalqı üçün
bu heç də yeni ifadə deyil. Tolerantlıq Azərbaycan xalqının qanındadır. Biz elə
bir ölkədə yaşayırıq ki, buradakı tolerantlıq mühitini digər dünya ölkələrinə
nümunə göstərə bilərik”.
Qeyd edək ki, müasir Azərbaycan təkcə mədəniyyətlərarası və konfessiyalararası
deyil, həm də dinlərarası dialoqun mərkəzidir. Bu mənada Qəbələnin Nic qəsəbəsi
təkcə ölkəmizdə deyil, dünyada tolerant mərkəzlərindən biri kimi tanınır. Bu
qəsəbədə iki məscid və üç kilsə fəaliyyət göstərir. Udilər Avropa ilə Asiyanın
kəsişməsində yerləşən tarixi vətənlərində öz dillərini, dinini, qədim
adət-ənənələrini qoruyub saxlaya biliblər. Qəsəbədə Azərbaycan Udi Ocağının
yaradılması multikulturalizmin daha da inkişafı yolunda mühüm addım kimi
qiymətləndirilir.