030e60ff-6176-47b2-9596-8f78fefb9d0d..jpg

“Qəbələ”nin kapitanı: “Bu səhvlərdən dərs çıxarmalıyam” – MÜSAHİBƏ

Baxış sayı: 471 dəfə baxılıb.

“Qəbələ”nin kapitanı: “Bu səhvlərdən dərs çıxarmalıyam” – MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə 4-cü yeri tutan və ölkə
kubokunu qazanan “Qəbələ” yeni mövsümə uğursuz başlayıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kipr klubu “Omoniya”ya hər
iki matçda (2:3, 1:4) məğlub olan “qırmızı-qaralar” Premyer Liqanın ilk iki
turunda müvafiq olaraq “Sabah” (0:5) və “Araz-Naxçıvan”a uduzub.

Bölgə təmsilçisinin kapitanı Urfan Abbasov “Report”a müsahibəsində komandadakı
enişin səbəblərini açıqlayıb.

– Azərbaycan Premyer Liqasının II turunda “Araz-Naxçıvan”a 0:2 hesabı ilə
uduzdunuz. Nəticə gözlənilməz olmadı?

– “Araz-Naxçıvan” bu mövsümün debütantı olsa da, oyunun ağır olacağını
bilirdik. Hava da isti idi. Düzdür, hava şəraiti və ya rəqibin elitaya yenidən
qayıtması bəhanə ola bilməz. Matça pis hazırlaşmamışdıq. Xırda səhvlərdən
qollar buraxdıq. Mənim də səhvlərim var idi. Belə olmasını istəməzdik.
Komandada bir az ruh düşkünlüyü var, toparlanma prosesi çətin gedir. Ardıcıl
məğlubiyyətlər kollektivə pis təsir edir. Bunun öhdəsindən gəlmək, hər şeyi
unutmaq istəyirik. Bu ab-hava ilə hazırlıq keçmək bir az çətindir. Ancaq
istənilən halda artıq qarşıdakı görüşə köklənməliyik. Hər şey özümüzdən
asılıdır. Mövsüm hələ qarşıdadır. İndidən əl-qolumuzu aşağı salsaq, daha pis
nəticələr olar. Daha aqressiv olmalı və yaxşı oyun sərgiləməliyik ki,
vəziyyətdən çıxaq.

– UEFA Kofrans Liqası və Premyer Liqa daxil olmaqla, mövsümün ilk dörd
oyununda məğlub olmusunuz. Nə baş verir?

– Avrokubokda Kipr klubu “Omoniya”ya qarşı ilk matçı elə də pis keçirməmişdik.
Qəbələdəki oyundan sonra hamı bizdən danışırdı. Səfərdəki cavab görüşündə də
səhvlərə yol verdik, oyun əldən getdi. Ardından “Sabah”la çətin qarşılaşmaya
çıxdıq və acı məğlubiyyət aldıq. Bu nəticələr komandada özünəinamı azaltdı.
“Araz-Naxçıvan”a qalib gələrək, hər şeyi unutmaq istəyirdik. Ancaq alınmadı,
heç cür toparlana bilmədik.

– Bu eniş heyətdəki dəyişikliklərlə əlaqədardır, yoxsa səbəb başqadır?

– Əvvəlki illərdə də komanda yeni qurulanda ilk vaxtlar eniş olurdu. Bütün
komandalar belə halla üzləşirlər. Görünür, futbolçular bir-birilərinə hələ
uyğunlaşmayıblar. Hamıya inam yüksəkdir.

– Yeni gələn əcnəbilər sanki gedənlərin boşluğunu doldura bilmirlər…

– Yeni gələn əcnəbilər keyfiyyətli futbolçulardır. Öz potensiallarını
açmalarına vaxt lazımdır. Ümid edirik ki, azarkeşlər qarşıdakı matçlarda daha
yaxşı “Qəbələ” görə biləcəklər.

– Adətən belə vəziyyətdə kapitan ön plana çıxaraq, komandanı çətin durumdan
çıxarır. Ancaq sizin öz oyununuzda da geriləmə var. Demək olarmı ki, kapitanlıq
sarğısının gətirdiyi təzyiq bunda həlledici rol oynayır?

– Bunun təzyiqlə bağlı olduğunu düşünmürəm. Komandamızın qələbə qazanmasını ən
çox istəyənlərdən biri də mənəm. Futbolda səhvlər qaçılmazdır. Düzdür, mənim
səhvlərim nəticəyə birbaşa təsir etdi. Bu səhvlərdən özümə dərs çıxarmalıyam.
Bir kapitan kimi komandanı toparlamaq mənim öhdəliyimə düşür. Futbolçularımızın
“Sumqayıt”la görüşə daha motivasiyalı, aqressiv çıxmaları üçün əlimdən gələni
edəcəyəm.

– Növbəti turdakı rəqibiniz “Sumqayıt”ın bu həftə “Sabah”la keçirməli olduğu
görüş təxirə salındı. Bu amil sizə mənfi, yoxsa müsbət təsir edəcək?

– Çempionatda zəif komanda yoxdur. Əsas odur ki, kollektiv şəkildə matçlara
yaxşı hazırlaşasan. Hələ heç nə itirilməyib, bir qələbə hər şeyi dəyişə bilər.
Bütün diqqətimizi “Sumqayıt”la görüşə cəmləməliyik ki, bunun bəhrəsini görə
bilək.

Source link