db31c8cb-26aa-46b8-b3ca-a071af4bca14..jpg

Qədir Rüstəmovun anadan olmasından 88 il ötür – FOTO/VİDEO

Baxış sayı: 628 dəfə baxılıb.

Qədir Rüstəmovun anadan olmasından 88 il ötür – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Qədir Rüstəmovun anadan olmasından 88 il ötür.

Cixisyolu.com xatırladır ki, Qədir Çərkəz oğlu Rüstəmov 1935-ci il noyabr ayının
20-də Ağdam rayonunda anadan olub.

O, musiqi beşiyi olan bir məkanda xanəndə kimi yetişib. Yaşadığı mühitin
təbiəti, ətrafında olan insanların sənətlə bağlı olan görüşləri Qədir
Rüstəmovun ilk sənət məktəbi olub.

Orta məktəbi bitirərək, əvvəlcə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi
Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, daha
sonralar isə Üzeyir Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsil
alıb.

Ustad sənətkarlarımızdan muğamın incəliklərini mənimsəyən Qədir Rüstəmov bu
illər ərzində xanəndəlik sənətinin sirlərinə daha da dərindən yiyələnməyə
müvəffəq olub. Nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi
sayəsində geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanıb.

O, çoxəsrlik parlaq keçmişə malik Azərbaycan musiqisində layiqli yer tutaraq
milli mədəniyyətimizin inkişafına sanballı töhfələr verib. Unudulmuş xalq
mahnılarımızdan bir çoxu məhz onun ifası ilə yenidən həyat qazanıb. Sənətkarın
oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dilidili”, “Sarı
gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi
hisslər oyadır.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları “Rast”, “Çahargah”
məharətlə səsləndirilib, Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil edilib.
“Sona bülbüllər”i isə onun səsinin avazında daha möhtəşəm təqdim olunub və bu
ifadan sonra Qədir Rüstəmov daha çox sevilib.

Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş filmdə Cabbar Qaryağdı oğlu
roluna çəkilən Qədir Rüstəmov klassik muğamları böyük məharətlə ifa edib. Qədir
Rüstəmovun milli musiqi mədəniyyəti sahəsində nailiyyətləri daim dövlətimiz
tərəfindən yüksək qiymətləndirilib. O, 1992-ci ildə Azərbaycan Respublikasının
“Xalq artisti” fəxri adına layiq görülüb, 1997-ci ildə “Şöhrət” ordeni ilə
təltif edilib. 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü olub.

Qədir Rüstəmov 2011-ci il dekabr ayının 14-də Türkiyənin İstanbul şəhərində
vəfat edib, Bakıda dəfn edilib.


Source link