Bakının Səbail rayonu, Bayıl yamacındakı sürüşmə zonasından 92 ailə köçürüləcək və fərdi yaşayış evlərinin sahiblərinə hər bir ev üçün minimum 35 min manat maddi yardım ödəniləcək.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə məlumat Baş nazir Novruz Məmmədovun imzaladığı sərəncamda öz əksini tapıb.
Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün Səbail rayon İcra Hakimiyyətinin hesabına 9 201 533 manat vəsait köçürüləcək və İH bu məbləğin müvafiq qaydada vətəndaşların bank hesablarına köçürülməsini təmin edəcək.
Həmin ərazidə 98 ailə məskunlaşıb, onlardan altısı 2018-ci ildə köçürülüb, hazırda orada olan 92 ailədən 27-si məcburi köçkün ailəsidir. Evlərin sökülməsi və tikinti işləri başa çatdıqdan sonra ərazidə abadlıq işlərinin aparılması üçün də 250 min manat vəsait nəzərdə tutulub.
Maddi yardım alan məcburi köçkünlərlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat veriləcək ki, məsələ nəzərə alınsın.
Qeyd edək ki, 2018-ci ilin fevralın 10-da Bayıl sürüşmə sahəsində, Bakı Televiziya Qülləsi yaxınlığında (teleqüllədən 200-250 m cənub-şərqdə) sürüşmə baş verib. Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə sürüşmə nəticəsində dördü tam, ikisi qismən olmaqla, altı ev uçub.
Ümumi sahəsi 306 kvadrat metr olan dörd fərdi yaşayış evinin, həmçinin, bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan iki fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.
İlhamə Əbülfət