09afd519-e7f1-4761-bf50-b6d96408fd0f..jpg

Qərb Cənubi Qafqazdan nə istəyir? – ŞƏRH + FOTO

Baxış sayı: 552 dəfə baxılıb.

Qərb Cənubi Qafqazdan nə istəyir? – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərb Cənubi Qafqaz regionunda maraqlarını təmin etmək üçün müxtəlif yollara
baş vurur. İstər ABŞ, istər Fransa, istərsə də Almaniya kimi digər Qərb
dövlətləri əsas məqsədinə çatmaq üçün vasitə kimi Ermənistandan istifadə
edirlər. Bu dövlətlərin əl oyuncağına çevrilən İrəvanın siyasi rəhbərliyi
Qərbdən gələn bütün təlimatlara “ləbbeyk” deyərək təmsil etdikləri ölkəni
uçuruma sürükləməkdə davam edir. Uzun illər təcrid vəziyyətində qalan qonşu
dövlət Qərbin şirin vədlərinə qapılaraq region qonşusu, strateji müttəfiqi və
erməni iqtisadiyyatının şah damarlarının sahibi olan Rusiyaya arxa çevirməkdən
belə çəkinmir. İllüziyaya qapılan Paşinyan hökuməti regionda gedən qlobal
layihələrdən uzaqlaşmaq, müttəfiqlərini itirməklə üz-üzə qalıb.

Artıq baş nazir Nikol Paşinyan hökumətində təmsil olunanlar Kreml
nümayəndələri arasında söz dueli gedir. Rusiyanın təşkil etdiyi bir sıra
platformalarda iştirak etməkdən imtina edən dövlət sonuncu dəfə MDB
Təhlükəsizlik Şurası rəhbərlərinin iclasına da qatılmadı. Bu görüşdə onu TŞ
sədri yox, səfir təmsil edib.

İş o həddə çatıb ki, paytaxt küçələrində keçirilən sorğularda belə sadə erməni
vətəndaşlar hökumətin yarıtmaz xarici siyasətindən şikayət edirlər. Ermənistana
şirin vədlər verən Qərbin regionda maraqları nələrdir? Qərb Paşinyan hökumətini
“əl kuklası”na çevirməklə hansı hədəflərinə çatmaq niyyətini güdür?

ABŞ-nin məqsədləri

ABŞ SSRİ dağıldıqdan sonra Cənubi Qafqaza ciddi maraq göstərir. Bunun əsas
səbəblərindən biri əzəli rəqibi Rusiyanı buradan sıxışdırmaqla yanaşı,
Birləşmiş Ştatların bir sıra iqtisadi maraqları da var və rəsmi Vaşinqton bu
maraqlarını təmin etmək üçün “narıncı inqilablar”dan tutmuş, USAİD agentlərinə
qədər müxtəlif üsullardan istifadə edir. Şübhəsiz ki, 2018-ci ildə Soros
fondunun dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyan ağalarının maraqlarını
təmin etməyi özünə borc bilir. ABŞ Qafqaz regionunda anti-Rusiya cəbhəsi açmaq
üçün Gürcüstanda uğursuzluğa düçar olduqdan sonra növbəti hədəf kimi
Ermənistanı seçib. Əslində bu layihə qeyri-mümkün görünsə də, ABŞ regionu xaosa
sürükləmə planlarından əl çəkmir. Çünki əgər Moskvaya qarşı yeni bir cəbhə aça
bilməsə də, Rusiyanın cənubunda yeni bir münaqişənin olması ABŞ-nin işinə
yarayar. Hər nə qədər Dövlət Departamenti rəsmi açıqlamalarında Azərbaycanla
Ermənistan arasında sülh danışıqlarını dəstəklədiyini bəyan etsə də, Nikol
Paşinyanın əli ilə bu sülhə mane olur. Elə ABŞ-nin direktivləri ilə hərəkət
edən erməni baş nazir Rusiyanın təklif etdiyi Rusiya-Azərbaycan-Ermənistan
üçtərəfli sülh danışıqlarından imtina edərək vəziyyəti qəlizləşdirib. ABŞ-nin
məqsədi isə sülhü rəsmi Vaşinqtonun diktəsi ilə reallaşdırmaqdır. Bu səbəbdən
Fransa kartı işə salındı və rəsmi Parisin məntiqsiz davranış və bəyanatları
Qərb platformasında da danışıqların baş tutmaması ilə nəticələndi.

Azərbaycan həm Qranada, həm də Brüssel görüşlərindən imtina etdi. ATƏT-in
keçmiş Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın qeyri-etik
davranışları və erməni təəssübkeşliyi rəsmi Bakının Qərb platformasını təxirə
salmasına səbəb oldu. ABŞ-nin Ermənistan vasitəsilə Rusiyaya qarşı həmləsi
bununla da bitmədi. İrəvan Rusiyanı təhlükəsizlik sahəsində müttəfiq kimi
görməyin strateji səhv olduğunu bəyan etdi. Elə MKİ kəşfiyyatçılarının diktəsi
ilə NATO-nun genişlənməsi üzrə QHT sədri Günter Felinqerin Ermənistanı NATO-ya
qoşmaqla bağlı çağırışı da boş yerə səslənməmişdi. Çünki bu bəyanatın ardınca
Ermənistanda amerikalı hərbçilərlə birlikdə 10 günlük təlimlər keçirildi. Bütün
bu baş verənlər okeanın o tayından Rusiyaya mesaj idi və onu regionda erməni
əli ilə qovmağa hədəflənən planın müxtəlif bəndləri sayılırdı. Bundan əlavə,
unutmaq lazım deyil ki, ABŞ-nin regiona marağının digər əsas səbəblərindən biri
də İrandır. ABŞ əzəli düşməni olan İranla sərhəd ölkəsi olan Ermənistanda 10
gün təlim keçirməklə amerikalı hərbçiləri rəsmi Tehranın burnunun dibinə qədər
gətirir. Bu isə ABŞ-nin nəbz yoxlaması kimi qiymətləndirilə bilər. ABŞ bu yolla
İran-Ermənistan münasibətlərinə kölgə salmaq niyyətini də güdür. Eyni zamanda
Tehrana qarşı mümkün hərbi əməliyyatlar zamanı Ermənistan ərazisindən də
istifadə ediləcəyi istisna edilmir. Artıq ABŞ hərbçiləri İrəvanda 10 gün təlim
keçiblər və lazımi kəşfiyyat materiallarını toplayaraq Vaşinqtona ötürüblər.
Unutmaq lazım deyil ki, ABŞ-nin dünya üzrə ən böyük səfirliklərindən biri də
İrəvanda fəaliyyət göstərir və kiçik bir ölkə üçün bu qədər səfirlik
əməkdaşının hansı məqsəd üçün göndərildiyi də məlum məsələdir.

Avropanın məqsədləri

Ermənistanın son illər müttəfiqləri ilə, daha dəqiq desək, Rusiya ilə
münasibətləri pisləşməyə doğru gedir. Bu pisləşmənin əsas aktyorları isə Avropa
ölkələridir. Fransa rəsmilərinin az qala hər həftə İrəvana səfəri də təsadüfi
deyil. Hələlik Paşinyan hökuməti bu səfərlərdən illüziyaya qapılsa da,
səfərlərin tam başqa məqsədə xidmət etməsi də gün kimi aydındır. İstər
Fransanın silah satışı, istər yardımları, istərsə də Frankafoniya kimi fransız
milliyyətçiliyinə xidmət edən qurumun İrəvana ayaq açmasının əsas hədəflərindən
biri yuxarıda da qeyd etdiyimiz kimi, Rusiyanı Qafqazdan çıxarmaqdır. Artıq
Ermənistan Avropa dövlətlərinin Qafqaz regionunda maraqlarını təmin etmək üçün
başına noxta keçirilmiş “bələdçi”yə çevrilib. Avropa ciddi cəhdlə bu ölkə
vasitəsilə regionda təsirini artırmağa cəhd edir.

Avropanın iki əsas oyunçusu Almaniya və Fransanın Bakıya təsir alətləri çox
zəif və məhduddur. İstənilən təxribat və sərsəm bəyanata rəsmi Bakı sərt dillə
cavab verir və Qərb platformasında danışıqlara fasilə verdiyini elan edir.
Azərbaycanın Avropanın enerji tərəfdaşı olduğunu unudan bəzi avropalı siyasilər
hərdən hədlərini aşaraq təhdid dilində danışmağa cəhd etsələr də, layiqli
cavablarını alırlar. İrəvanı isə şirin dilə tutan Avropa bu yolla nüfuz
genişləndirilməsinə nail olmaq istəyir. Qonşu dövlətin xarici siyasət vektorunu
Qərbə tərəf tam dəyişməsi Aİ üçün göydəndüşmə sayıla bilərdi. Siyasi gedişləri
səhv hesablayan Avropa bu yolla regionda nüfuzunun artdığını düşündüyü halda,
Azərbaycanın bir həmləsi bütün gedişləri mat etdi. Uzun müddətdir sözügedən
Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakı İranla razılaşaraq sözügedən dəhlizin
Ermənistandan keçəcək hissəsini Araz çayı boyu ilə İrandan keçirmək üçün
müqavilə imzaladı və yolun tikintisinə başladı. Regionda iqtisadi maraqları
sırasına regional dəhlizləri də prioritet tutan Qərb bu həmlədən sonra hərəkətə
keçdi. Təsadüfi deyil ki, Almaniyanın XİN başçısı Annalena Berbok Bakıya,
Fransa Prezidenti isə Mərkəzi Asiyaya səfər etdi. Hər iki səfərin özəyində
dəhliz məsələsi dururdu. Düzdür, Afrikadan qovulan Fransanın nüvə sənayesi üçün
əsas tədarükçüsü Qazaxıstandır.

Elektrik enerjisini əsasən nüvə stansiyalarından alan Fransa Nigerdən
qovulduğu üçün əl-ayağa düşərək təcili Mərkəzi Asiya ilə əlaqələri
möhkəmləndirmək niyyətindədir. Bundan əlavə, bu yaxınlarda Mərkəzi Asiyada
türkdilli ölkələrin rəhbərlərinin keçirdiyi görüş və dəhlizlərlə bağlı əldə
edilən razılaşma da rəsmi Parisin maraq dairəsindədir.

Qərbin Qafqaza marağının son illərdə kəskin artmasının səbəblərindən biri də
Rusiya və Türkiyədir. Təbii ki, bu iki dövlət Avropanın, xüsusən də Almaniya və
Fransanın rəqibi sayılır. Son illərdə Ankara-Moskva yaxınlaşması da Aİ-nin
nəzərindən yayınmayıb. Qafqazda nüfuzunu artırmaqla Rusiya və Türkiyəyə qarşı
əlavə təzyiq vasitəsi əldə etmək istəyən Avropanın strateji rəqibləri üzərində
üstünlük əldə etmək niyyətini də gözardı etmək olmaz.

Qərbi regiondan qovmaq üçün nə etməli

ABŞ və Avropa ölkələrini regiondan sıxışdırmaq və məkrli planlarının həyata
keçməsinin qarşısını almaq üçün ən effektiv üsullardan biri “3+3”
platformasıdır. 2020-ci il müharibəsindən sonra Azərbaycan və Türkiyə
tərəfindən təklif edilən platforma regiondankənar ölkələrin regionun
iqtisadiyyatına nüfuz və təsirini sıfıra endirmək üçün nəzərdə tutulub. Bu
platforma Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstanı daha da
yaxınlaşdırmaq və iqtisadi maraqlarını birgə təmin etmək üçün əla yoldur.
Türkiyə-Rusiya əməkdaşlığı regionun inkişafını sürətləndirə bilər və Avropanın
regiona nüfuzunu tam zəiflədə bilər. Eyni zamanda Qərbin bir sıra layihələrinin
üstündən xətt çəkə bilər. Eyni zamanda Azərbaycanla Ermənistanın iqtisadi
sahədə əməkdaşlığı həm Avropanın, həm də ABŞ-nin əlini kifayət qədər zəiflədə
bilər. Kənar aktor olmadan region ölkələri iqtisadi maraqlarını təmin edərək
meqalayihələri reallaşdıra bilər və bir-birinin inkişafına töhfə verə bilər.

Sərhədlərin açılması, kommunikasiyaların bərpası, yeni nəqliyyat dəhlizlərinin
işə düşməsi bir çox problemi asanlıqla həll edə bilər…

“Report” İnformasiya Agentliyi

Source link