a956efdf-8f48-43f9-8536-ae966de47eba.jpg

Qərb Gürcüstana müdaxiləni artırıb: “Hakimiyyət uğrunda ölüm-qalım mübarizəsi gedir”

Baxış sayı: 222 dəfə baxılıb.

Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkisi yaxınlaşdıqca ölkəni
iki fərqli mövqeyə ayıran və hətta prosesləri qarşıdurma mərhələsinə gətirəcək
dərəcədə ciddiləşən Qərb-Rusiya istiqaməti özünün ən yüksək mərhələsinə qədəm
qoyub. Xüsusən də prezidentlə hökumət arasında ziddiyyətlər bu gərginliyi
maksimal həddə çatdırıb. Belə ki, Prezident Salome Zurabişvili Avropa
İttifaqına inteqrasiya tərəfdarı olsa da, Baş nazir İrakli Kobaxidze Rusiya ilə
əlaqələrin inkişafında maraqlıdır. Bu kontekstdə paytaxt Tbilisidə artıq
“Gürcüstan Avropa İttifaqını seçir!” aksiyasına start da verilib. Hətta bu kimi
seçkilərdə dəfələrlə müşahidə edilib ki, Qərbin nümayəndələri proseslərdə
birbaşa iştirak edir, bir növ gedişatı idarə edirlər. Bu isə həm də başqa bir
ölkənin daxili işinə müdaxilədir. Bir sözlə, gürcü xalqı və dövləti Rusiya ilə
Qərb arasında seçimə məcbur edilir və əslində, bu, ilk növbədə gürcülərin
iradəsinə təsir etməkdən başqa bir şey deyil. Bəs, belə olan halda mövcud
gedişat nə vəd edir?

Mövzunu Cixisyolu.com-a dəyərləndirən Milli Məclisin deputatı Elşad Musayevin
sözlərinə görə, Gürcüstanda bu prosesə uzun müddət idi ki, hazırlıq gedirdi:

“Gürcüstanı öz nəzarətində saxlamaq uğrunda Qərb və Rusiya arasında ciddi
mübarizə gedir. Mixail Saakaşvilinin dövründə Gürcüstan Qərbə inteqrasiya xətti
götürmüşdü və müəyyən qədər də şirnikləşdirici vədlər verilirdi. Ondan sonrakı
müddətdə “Gürcü arzusu” hakimiyyətə gəldi və balansı saxlamağa cəhd göstərdi.
Yəni, həm Qərbə inteqrasiya xətti, həm də Rusiyaya qarşı yumşaq mövqe nümayiş
olundu. Lakin hazırda bütün tərəflər kartları açıq oynamağa başlayıblar”.

“Qərb ona yaxın qeyri-hökumət təşkilatları vasitəsilə Gürcüstanda öz təsirini
daha da genişləndirmək niyyəti güddüyü üçün hökumət “Xarici təsirin şəffaflığı”
və “Xarici agentlərin qeydiyyata alınması” barədə qanun layihələrini qəbul
etmək məcburiyyətində qaldı. Bu isə Qərbi narahat etdiyi üçün artıq rəsmi
Tbilisidən açıq mövqe tələb olunur. Yəni Gürcüstan ya Rusiya, ya da Qərb
tərəfdə olmalıdır. Ona görə Gürcüstanda hakimiyyəti dəyişmək üçün düyməyə
basılıb”, – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstanda kimin qalib gəlməsi uğrunda ölüm-qalım
mübarizəsi gedir:

“Bir dövlət istədiyi qanun layihəsini də özü qəbul edir, istədiyi siyasi xətti
də özü müəyyənləşdirir. Amma açıq-aşkar görünür ki, demokratiyadan danışan
qüvvələr Gürcüstanın daxili işlərinə müdaxilə edirlər”.

Siyasi şərhçi Sahil Kərimli Cixisyolu.com-a açıqlamasında bildirib ki, son günlər
Gürcüstanda baş verən proseslər bir daha göstərir ki, Qərb dairələri, Amerika
Birləşmiş Ştatları və Avropanın bəzi ölkələri Gürcüstandan heç də asanlıqla əl
çəkmək istəmirlər:

“Çünki əvvəlki dövrlərdə biz Qərbin Gürcüstan üzərindəki nüfuzunu necə
möhkəmləndirməsi, qeyri-hökumət təşkilatları vasitəsilə Gürcüstan
ictimaiyyətində baş verən proseslərə müdaxilə etmələri, həmin təşkilatları
maliyyələşdirərək Gürcüstanda gedən siyasi proseslərə ciddi müdaxilə etmək
cəhdlərinin şahidi olmuşuq”.

“Gürcüstanda keçiriləcək parlament seçkisi ərəfəsində biz yenə də Qərbin bu
istiqamətdəki məkrli və çoxşaxəli planlarının həyata keçirilməsinin şahidi
oluruq. Bu günlərdə Gürcüstanda keçirilən Qərbmeyilli kütləvi etiraz aksiyaları
da bu cəhdlərin növbəti işartıları kimi qiymətləndirmək lazımdır”, – deyə
şərhçi vurğulayıb.

Müsahibimiz hesab edir ki, Gürcüstan cəmiyyəti və siyasi rəhbərliyi yaxşı
anlayır ki, ölkə gələcək illərdə öz müstəqil və milli dövlətçilik maraqlarına
əsaslanan siyasət yürütməlidir:

“Gürcüstan dövləti qarşıdakı illərdə öz siyasi xəttini müəyyən etməlidir. Bu
baxımdan, Qərb Gürcüstanda hər hansı bir uğura nail ola bilməyəcək. Çünki
Gürcüstan artıq Qərbdən qopmaq, onun təsir dairəsindən uzaqlaşmaq üçün müəyyən
lazımi addımları atıb”.

Mərahim Nəsib

Source link