Qərbi Azərbaycan İcması: “Aİ-nin təxribatçı yanaşmasını qəti şəkildə rədd
edirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avropa İttifaqının (Aİ) sözçüsü Peter Stano “Azadlıq” radiosunun erməni
xidmətinə aprelin 6-da verdiyi müsahibəsində ifadə etdiyi təxribatçı fikirləri
ilə təşkilatının əsl niyyətini açıqlayıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında
bildirilib.
Qeyd olunub ki, Avropa İttifaqının rəsmisi Ermənistana dair sualın cavabında
ərazi bütövlüyü prinsipinin əhəmiyyətindən geniş danışıb və bununla da guya
beynəlxalq hüquqa əhəmiyyət verdiklərini göstərməyə çalışıb. O, həmçinin etnik
ermənilərin Azərbaycana qayıtmasına şərait yaradılması məsələsini də qaldırıb.
“Sadə sual meydana çıxır – görəsən Ermənistan 30 il ərzində Azərbaycan
torpaqlarının 20 faizini işğal altında saxlayanda Aİ harada idi? 8 Azərbaycan
kəndinin Ermənistan tərəfindən işğalının davam etməsinə niyə hələ də susur? Nə
üçün Aİ Ermənistandan sonuncu etnik təmizləmə dalğasında qovulmuş 300 min
azərbaycanlının qayıtması məsələsini və Ermənistanda Azərbaycan mədəni irsinin
kütləvi şəkildə dağıdılması məsələsini qaldırmır?
Belə çıxır ki, Ermənistandan azərbaycanlıların qovulmasının üstündən müəyyən
müddət keçdiyi üçün onların qayıdış hüquqları daha aktual deyil. Qərbi
azərbaycanlıların 30 ildən artıq Vətən həsrətlərini onlara qarşı istifadə etmək
ən böyük haqsızlıqdır.
Bütün bunlar Aİ-nin etnik və dini ayrı-seçkiliyini sübut edir. Aİ nə insan
haqları, nə də beynəlxalq hüquqla bağlı səmimi deyil. Aİ-nin siyasəti
Azərbaycandakı ermənilərin “hüququ” kimi köhnə alətdən istifadə edərək
Ermənistanı Azərbaycana qarşı təhrik etməkdən ibarətdir.
Biz Aİ-nin təxribatçı yanaşmasını qəti şəkildə rədd edir və buna son
qoyulmasını tələb edirik”, – deyə İcmanın bəyanatında vurğulanıb.
Həmçinin qeyd olunub ki, qayıdış məsələsində ayrı-seçkiyə yol verilməməli,
qarşılıqlılıq prinsipinə riayət edilməli və 30 ildən artıq qayıdış intizarında
olan Qərbi azərbaycanlıların qayıdışı prioritet məsələ kimi ilk həll
edilməlidir.