Qərbi Azərbaycan İcması: “Avropa İttifaqının məsələlərə ikili standartlardan
yanaşması təəssüf doğurur”
“Qərbi Azərbaycan İcması Avropa İttifaqının 2023-cü il 12 sentyabr tarixli və
son günlər verdiyi digər açıqlamalar ilə əlaqədar bildirir ki, Aİ-nin
məsələlərə ikili standartlar prizmasından yanaşmaqda davam etməsi təəssüf
doğurur”.
Bu barədə icmanın yaydığı məlumatda bildirilir.
“Sual meydana çıxır ki, gərginliyin azaldılmasının vacibliyindən, sülhdən
danışan Avropa İttifaqı nəyə görə Ermənistan rəhbərliyini öz ordusunun
qalıqlarını Azərbaycanın suveren ərazilərindən çıxarmağa, təxribatçı açıqlama
və hərəkətlərə son qoymağa, qeyri-qanuni erməni dəstələrinin tərk-silah
edilməsinə çağırmır?
Avropa İttifaqı öz bəyanatlarında Qarabağın Azərbaycana məxsus olmasını aydın
şəkildə göstərməlidir. Ermənistan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü
ən azı sözdə tanıdığı bir vaxtda Avropa İttifaqının “Keçmiş Dağlıq Qarabağ
Muxtar Vilayəti” kimi ifadə işlədərək ərazinin kimə məxsus olmasını
bildirməməsi, “Stepanakert” adının qeyd edilməsi tamamilə qəbuledilməzdir.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç bir Avropa İttifaqı ölkəsinin
ərazi bütövlüyü və suverenliyindən əskik deyil.
Avropa İttifaqının Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərini
qeyri-qanuni rejimin ətrafında birləşməyə çağırması Azərbaycanın
Konstitusiyasına və suverenliyinə hörmətsizlikdir.
Avropa İttifaqının “Qarabağ ermənilərinin nümayəndələri ilə gündəlik
təmaslarda olması” da ikili standartların bariz nümunəsidir. Azərbaycandan
“Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün onlarla
dialoq aparması”nı gözləyən Avropa İttifaqı nədənsə Ermənistanı deportasiya
etdiyi Qərbi azərbaycanlılar ilə dialoqa çağırmır. Avropa İttifaqı onun
Azərbaycan cəmiyyətində imicinə xələl yetirən belə ədalətsiz siyasətdən
çəkinməlidir”, – icmanın məlumatında qeyd edilir.