Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin
əməllərini pisləməyə çağırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan İcması dünya icmaiyyətini Erməni Qriqorian Kilsəsinin dini
xadimlərinin sülh əleyhinə fəaliyyətini pisləməyə çağırıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilib.
Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında 2024-cü il aprelin 19-da
əldə edilmiş razılaşmaya əsasən, sərhədin delimitasiyası ilə bağlı müəyyən
praktik addımların atılması qərarlaşdırılıb.
Lakin Ermənistanda son günlər bir sıra təxribatçı qüvvələr iki ölkə arasında
qalıcı sülhün əldə edilməsinə töhfə verə biləcək sözügedən razılaşmanın
icrasına mane olmaq üçün var gücü ilə çalışırlar. Çox narahatlıq doğuran haldır
ki, həmin prosesləri Erməni Qriqorian Kilsəsinin dini xadimləri fəal rol
alıblar. Sözügedən din xadimləri siyasi tələblər irəli sürür, Azərbaycanla sülh
əldə etməyə qarşı çıxır və aşkar şəkildə revanşa və müharibəyə çağırış edirlər.
Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi
günlərdə Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə fəaliyyəti təəssüf doğurur
və çoxlu mətləblərdən xəbər verir. Qeyd edək ki, azərbaycanlıların
Ermənistandan qovulmasında və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə
Erməni Qriqorian Kilsəsi xüsusi fəallıq nümayiş etdirmişdir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti və dünya dini liderlərini
Erməni Qriqorian Kilsəsinin həmin əməllərini pisləməyə və Azərbaycan və
Ermənistan arasında davamlı sülhə dəstək verməyə çağırır.