Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs
çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə icmanın yaydığı bəyanatda bildirilib.
“2024-cü il martın 27-də Fransanın “Le Figaro” qəzetində Ermənistanın vaxtilə
işğal etdiyi Azərbaycan ərazilərində yaratmış olduğu və tarixin zibil qutusuna
atılmış qanunsuz rejimin tör-töküntüləri ilə müsahibə dərc edilib.
Azərbaycanın xalqlar arasında nifaqı geridə qoymağa xidmət edən, anlaşmaya,
barışığa əsaslanan, alicənab və mərhəmətli siyasəti sayəsində sərbəst qalmış
Samvel Şahramanyan indi yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə
qəsd etmək fikrinə düşüb. Sözügedən şəxs separatçı strukturların Ermənistan
ərazisində fəaliyyətini davam etdirdiyini bildirib, Fransa başda olmaqla xarici
gücləri regionun məsələlərinə müdaxilə etməyə çağırıb və Azərbaycanla
Ermənistan arasında sülhün əldə edilməsinə qarşı çıxıb. Sözügedən separatist
ünsürlər özlərini “mühacir hökumət”, “prezident”, “nazir” kimi təqdim edir,
Ermənistan hökuməti isə faktiki olaraq buna göz yumur.
Qeyd edək ki, müsahibənin məhz Fransanın mətbuat orqanlarının birində dərc
edilməsi təsadüfi deyil. Fransa başda olmaqla öz mənfur geosiyasi niyyətləri
ilə regiona daxil olmağa çalışan bəzi qüvvələr regionda sülhün əldə edilməsinə
yol vermək istəmirlər və bunun üçün bütün vasitələrlə gərginliyi artırmağa
çalışırlar. Ermənistanın hərbiləşdirilməsinə yardımlar, bu müsahibə, 5 aprel
2024-cü ildə keçiriləcək Ermənistan-ABŞ-Avropa İttifaqı sammiti – bunların
hamısı eyni xəttə xidmət edən vahid kampaniyanın tərkib hissələridir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs
çıxararaq, Fransanın oyunlarına getməməyə çağırır. Ermənistan dərk etməlidir
ki, öz ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd edən
ünsürlərin fəaliyyətinə şərait yaratması yolverilməzdir.
Qərbi Azərbaycan İcması Ermənistandan revanşist və militarist siyasətinə son
verməyi, Azərbaycanla sülh əldə etmək yolunu tutmağı və Qərbi azərbaycanlıların
öz evlərinə qayıtmasına şərait yaratmağı tələb edir”, – deyə icmadan bildirilib.