43b2f713-2bcc-4c51-ae18-75f9734b452c..jpg

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri və XİN başçısının iddialarına cavab verib

Baxış sayı: 554 dəfə baxılıb.

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri və XİN başçısının iddialarına
cavab verib

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın və xarici
işlər naziri Ararat Mirzoyanın son günlər səsləndirdikləri, Ermənistan
hökumətinin ikiüzlülüyünü və insan haqları kimi nəcib məfhumdan öz ərazi
ekspansionist planları üçün sui-istifadə etməsini açıq-aşkar göstərən bədnam
iddialarını ifşa etməklə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Ermənistan öz ərazisindən azərbaycanlıların hamısını
zorla qovmuş, və mədəni irsimizi, müqəddəs yerlərimizi, məzarlıqlarımız təhqir
edərək və dağıdaraq, vətənimizdə varlığımızın izlərini silməyə çalışır.

“Bizim təhlükəsiz və ləyaqətlə evlərimizə qayıtmaq üçün davamlı dialoq
çağırışlarımıza və səylərimizə baxmayaraq, Ermənistan hüquqlarımıza tam
hörmətsizlik nümayiş etdirərək, bu məsələ ilə bağlı müzakirələrdən imtina
edir”, – bəyanatda vurğulanıb.

Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların evlərinə qayıtmasının
qarşısını almağa davam edərkən, Azərbaycanın Qarabağ İqtisadi Rayonunda yaşayan
etnik ermənilərlə bağlı insan haqları arqumentlərindən həyasızcasına
sui-istifadə etməyə çalışır. Ermənistanın iddiaları mahiyyətcə əsassız olmaqla
bərabər, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd xarakteri daşıyır.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü yalnız şərti olaraq tanımaqla əsl
niyyətini ortaya qoyur və bununla da separatçılıq cəhdləri üçün imkanları açıq
saxlamağa çalışır. Ermənistanın bu davranışı beynəlxalq hüququn açıq şəkildə
pozulmasıdır və ATƏT-in dövlətlərarası münasibətlərdə milli azlıqlara dair
tövsiyələrində əksini tapmış prinsiplərə tamamilə ziddir. Xatırladaq ki,
ATƏT-in tövsiyələrində digər məsələlərlə yanaşı aşağıdakılar qeyd edilir:

“Dövlətlər xaricdəki milli azlıqlara öz ərazisində olan milli azlıqlardan daha
çox maraq göstərsələr və ya başqa yerlərdəki azlıqlara etinasızlıq nümayiş
etdirdikləri halda müəyyən bir milli azlığı fəal şəkildə dəstəkləsələr, onda
onların hərəkətlərinin motivləri və etibarlılığı sual altına alınmalıdır”.

Ermənistanın bizim geri qayıtmaq hüququmuza məhəl qoymaması, bu prosesə yardım
etmək və Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək
üçün beynəlxalq missiyaları qəbul etməkdən imtina etməsi hamılıqla
pislənməlidir. Beynəlxalq ictimaiyyət Ermənistanın açıq-aşkar şəkildə öz
ərazisində həyata keçirdiyi “etnik azlıq yoxdursa, problem də yoxdur”
yanaşmasına əsaslanan siyasətini rədd etməlidir.

Bu azmış kimi, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək
üçün insan haqları ritorikasından kobud şəkildə sui-istifadə edir. Qərbi
Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistanın hərəkətlərini daşıdığı
məhz bu mahiyyətinə görə pisləməyə çağırır. Biz Ermənistandan qovulmuş
azərbaycanlıların Ermənistandakı evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını
təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməsini və insan
haqlarından fürsətçi və ikiüzlü şəkildə sui-istifadəsinə son qoymasını tələb
edirik.

Ədalət və geri qayıtmaq hüququ uğrunda mübarizəmizi davam etdirməklə biz dinc
dialoqa sadiqliyimizi bir daha bəyan edirik. Biz dünya ictimaiyyətini etnik
mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün insanların hüquqlarına
hörmət edildiyi və qorunduğu bir gələcək naminə həyata keçirdiyimiz
fəaliyyətimizə dəstək olmağa və bizimlə həmrəy olmağa çağırırıq.

Source link