Qərbi Azərbaycan İcması və Azərbaycan Rəssamlar İttifaqı müsabiqə elan edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan İcması və Azərbaycan Rəssamlar İttifaqı Qərbi Azərbaycanın
tarix və mədəniyyətinə müraciət etməklə mədəni irs və tarixi abidələrin
dağıdılmasına diqqət çəkməklə yanaşı, onları təsviri sənət əsərlərində yaşatmaq
imkanlarını nəzərə alaraq “Vətənim Qərbi Azərbaycan” mövzusunda müsabiqə elan
edir.
Cixisyolu.com xəbər verir ki, müsabiqə təsviri incəsənətin rəngkarlıq və qrafika
növlərində keçirilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd İrəvan xanlarının portretlərinin, bədii
obrazlarının yaradılması, Qərbi Azərbaycanın tarix və memarlıq abidələrinin
təsvir müstəvisində yenidən canlandırılmasıdır. Burada diqqət yetirilməli olan
əsas məqamlar portret janrında yaradılacaq obrazların realistik üslubda, xanlıq
dövrünün geyim, obraz, aksesuar, silah və digər atributlarının tarixi
materialları əsaslı şəkildə öyrənilməklə həqiqəti əks etdirməsi, unikal olması,
peşəkarlıq baxımından qüsursuz işlənilməsi, xanların obrazlarının xalq
təsəvvüründəki ümumi obrazlara uyğunluğu və dövrün tarixi materiallarına cavab
verilməsidir.
Müsabiqənin şərtləri aşağıdakılardır:
– Qərbi Azərbaycan ərazisində tanınma rəmzlərinə çevrilmiş tarixi abidələr,
ziyarətgahlar, tikililər, o cümlədən bölgənin təbiət mənzərələri təsvir
müstəvisində əks olunmalı, reallığı əks etdirməli və gerçək tarixə, faktlara
söykənməlidir;
– Əsərlərin ölçüləri rəngkarlıq əsərləri üçün 70 x 90 santimetrdən, qrafika
əsərləri üçün A3 formatından aşağı olmamalıdır;
– Müsabiqəyə müxtəlif texnikada, portret və mənzərə janrlarında, fərqli
ölçülərdə (yuxarıda göstərilən ölçü tələbləri nəzərə alınmaqla) işlənmiş
rəngkarlıq, qrafika əsərləri təqdim olunmalıdır;
– Əsərlərinin materialı və icra texnikasına dair tələblər: rəngkarlıq əsərləri
– kətan üzərində yağlı boya, qrafika əsərləri – kağız və qrafikanın növündən
asılı olaraq sərbəst texnikada işlənə bilər;
– Əsərlər 2024-cü ilin 10 sentyabr tarixinədək Qərbi Azərbaycan İcmasına
təqdim olunmalıdır. Sərginin açılış tarixi 2024-cü il 24 sentyabr ayında
nəzərdə tutulur;
– Əsərlər Qərbi Azərbaycan İcmasına çərçivəyə salınmış halda sərgiyə hazır
vəziyyətdə təqdim olunmalıdır;
– Müsabiqənin şərtlərinə uyğun gəlməyən əsərlər qəbul olunmayacaq və münsiflər
heyətinin baxışına təqdim edilməyəcək.
22 yaşdan yuxarı, portret və mənzərə janrlarında iş təcrübəsi olan peşəkar
rəssamlar müsabiqədə iştirak edə bilərlər.