33d93a43-0399-4159-89c9-d681c267452f..jpg

Qərbi Azərbaycan İcmasından Aİ-nin Ermənistandakı missiya rəhbərinə CAVAB

Baxış sayı: 959 dəfə baxılıb.

Qərbi Azərbaycan İcmasından Aİ-nin Ermənistandakı missiya rəhbərinə CAVAB

Qərbi Azərbaycan İcması (QAİ) Avropa İttifaqının Ermənistandakı missiyanın
rəhbəri Markus Ritterin qərəzli və həqiqətə uyğun olmayan bəyanatına cavab
verib.

Bu barədə İcmanın mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda bildirilib: “Avropa İttifaqının Ermənistandakı missiyanın rəhbəri
Markus Ritter bu günlərdə bəyanat verərək Azərbaycanın Ermənistana xəyali
hücumunun qarşısını almaqdan dəm vurub. M.Ritter bununla da tarixçəsi
Azərbaycana qarşı hərbi təcavüz, işğal, etnik təmizləmə, insanlıq əleyhinə
cinayətlərlə dolu olan və hazırda da Azərbaycanın ərazi bütövlüyünə qarşı
əməllərini davam etdirən Ermənistanı qurban kimi, Ermənistanın bütün bu
cinayətlərinin qurbanı olmuş Azərbaycanı isə mənfi ruhda qələmə verməyə cəhd
edib.

Biz M.Ritterə xatırlatmaq istərdik ki, Avropa İttifaqının insan hüquqlarının
müdafiəsi məqsədilə göndərdiyi missiyanın üzərinə Ermənistandan qovulmuş
azərbaycanlılarla bağlı böyük və konkret vəzifə düşür. Onun missiyasının
açıldığı sərhəd zonasında yerləşən yaşayış məskənlərinin demək olar ki, hamısı
azərbaycanlıların yaşamış olduqları və etnik təmizləməyə məruz qaldıqları
məkanlardır. Əminik ki, missiya o kəndlərdə dağıdılmış azərbaycanlı
məzarlıqlarını və mədəni irsini hər gün görür.

Belə olan təqdirdə, missiya rəhbəri öz mandatına uyğun olaraq gözünün
qarşısında olan insan hüquqları pozuntuları ilə məşğul olmaq əvəzinə iftira və
təxribat xarakterli bəyanat verməsi təəssüf doğurur.

Biz missiyanı öz işi ilə məşğul olmağa və Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişelə göndərdiyimiz məktubda istədiyimiz kimi, aşağıdakıları həyata
keçirməyə çağırırıq:

– Ermənistana qayıdacaq qovulmuş azərbaycanlıların təhlükəsiz qayıdışına töhfə
vermək;

– Münaqişənin Ermənistandan zorla qovulmuş azərbaycanlılara təsirinə dair
məlumat toplamaq, o cümlədən, azərbaycanlıların mülkiyyətinin və mədəni irsinin
vəziyyəti barədə hesabatlar hazırlamaq;

– Ermənistandan qovulmuş azərbaycanlılar üçün etimad quruculuğu tədbirləri
hazırlamaq və həyata keçirmək, o cümlədən, onların öz evlərini,
qəbiristanlıların, müqəddəs yerlərini və mədəni abidlərini ziyarət edə
bilmələrinə şərait yaratmaq;

– İcma ilə birlikdə beynəlxalq humanitar hüquq, insan hüquqları, mülkilərin
qorunması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, o cümlədən, Qadınlar,
sülh və təhlükəsizlik mövzusunda 1325 (2000) nömrəli qətnaməsinin, Gənclər,
sülh və təhlükəsizlik mövzusunda 2250 (2015) nömrəli və Uşaqlar və Silahlı
Münaqişələr mövzusunda 1612 (2005) nömrəli qətnaməsinin müddəalarına dair
müvafiq proqramlar hazırlamaq və icra etmək.

Avropa İttifaqı, o cümlədən onun Ermənistandakı missiyası insan hüquqları
sahəsində tərəfsiz və müfəssəl səyləri ilə Ermənistandan qovulmuş
azərbaycanlıların hüquqlarına hörməti təşviq etməli və bununla davamlı sülhün
əldə olunmasına yardım etməlidir”.

Source link