f85c9131-2eb2-47c8-8033-f86096bc23df..jpg

Qərbi Azərbaycan Xronikası: Adı ləğv edilərək ərazisində mərzlik yaradılan rayon – VİDEO

Baxış sayı: 541 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: Adı ləğv edilərək ərazisində mərzlik yaradılan
rayon – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun
müəllifliyi ilə xalqımızın tarixini əks etdirən, adı erməniləşdirilən
Sərdarabad rayonu haqqında süjet hazırlanıb.

“Sərdarabad niyə Hoktamberyan adlandırılıb?” adlı süjetdə erməni
ideologiyasının saxtakarlıq üzərində qurulmasından, onların zaman-zaman etnik
təmizləmə siyasəti aparmaqla tarixi yer-yurd adlarını dəyişdirməsindən bəhs
olunub.

Bildirilib ki, İrəvan xanlığının Sərdarabad mahalında yerləşən eyniadlı rayon
ərazisi cənubdan Sürməli, qərbdən Səədli, şimal-qərbdən Talın, şimal-şərqdən
Karpibasar, şərqdən isə Zəngibasar mahalları ilə əhatə olunub. İrəvan xanı
Hüseyn Əli xanın tikdirdiyi Sərdarabad qalasının yerləşdiyi rayon ərazisi
1827-ci ildə Çar Rusiyası tərəfindən işğal edilib. 1850-ci ildən 1930-cu ilə
kimi İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibində olub. Sərdarabad adı
Qafqazın beş verstlik xəritəsində qeyd edilib. Burada 1897-ci ildə xeyli sayda
azərbaycanlı yaşayıb və 1905-1906-cı, eləcə də 1918-1920-ci illərdə ermənilərin
törətdikləri qırğınlar nəticəsində isti ocaqlarını tərk ediblər.

Qeyd olunub ki,Sərdarabad inzibati rayon kimi 1930-cu il sentyabrın 9-da
yaradılıb. 1935-ci il martın 2-nə qədər Sərdarabad rayonu, həmin tarixdən
etibarən isə Böyük Oktyabr Sosialist İnqilabının şərəfinə Hoktamberyan
adlandırılıb. 1983-cü ildə rayonun ərazisi iki yerə bölünüb və bir hissəsində
yeni Bağramyan rayonu yaradılıb. 1992-ci ildə Sərdarabad, yəni Hoktemberyan
rayonunun adı dəyişdirilərək Armavir adlandırılıb.

Diqqətə çatdırılıb ki, bu rayonda yaşayan azərbaycanlıların bir hissəsi
1948-1953-cü illər, son hissəsi isə 1988-ci ilin deportasiyasında doğma
yurdlarından məcburi qovulublar:

“Hazırda yalnız ermənilərin yaşadığı bu ərazilərdən azərbaycanlılar didərgin
salındıqdan sonra saxtalaşdırma əməliyyatına start verilib. Belə ki, mərhələli
şəkildə rayon üzrə 35-dək tarixi yer adları dəyişdirilib. Nəhayət, Ermənistan
parlamentinin 1995-ci il 7 noyabr tarixli qərarı ilə Sərdarabad, yəni
Hoktemberyan-Armavir, eləcə də Bağramyan və Üçkilsə, yəni Eçmiədzin rayonları
ləğv edilib və onların ərazisində inzibati mərkəzi Armavir şəhəri olan eyni
adlı mərzlik yaradılıb”.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycanın başqa bölgələri kimi, Sərdarabad
rayonu da erməni-hay kimi şovinist bir etnik toplumun düşmənçilik
hərəkətlərinin hədəfinə çevrilib:

“Lakin artıq zaman dəyişib. Hədəfimiz tarixi həqiqətləri üzə çıxarmaqla
yanaşı, haqq-ədalətin bərpası və tarixi torpaqlarımıza qayıdışdır. Bu qayıdışın
vaxtı isə uzaqda deyil”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link