Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun
müəllifliyi ilə Baku TV-də “Ağ rəngli yer adları: Qərbi Azərbaycanın unudulmaz
xəritəsi” adlı süjet hazırlanıb.
Bugünkü süjetdə ermənilərin “ad dəyişmə terroruna” məruz qalan Ağyarğan,
Ağyoxuş oronimləri, Ağyoxuş və Ağqıraq toponimləri haqqında məlumat verilib.
Bildirilib ki, tarix boyu Qərbi Azərbaycan torpaqları zəngin mədəni irsə və
qədim türk-oğuz mənşəli toponimlərə malik olub. Lakin son əsrlərdə bu
ərazilərdə baş verən siyasi dəyişikliklər nəticəsində ermənilər tərəfindən bir
çox yer adları dəyişdirilib və ya tamamilə silinib.
Ağyarğan – Dərələyəz mahalının Paşalı, yəni Əzizbəyov, Vayk rayonunda dağ
adıdır. Hündürlüyü 2 528 metr olan bu oronimin adı erməni mənbələrində Ağyorğan
formasında qeyd edilib.
Ağyoxuş – Göyçə mahalının Basarkeçər, yəni Vardenis rayonundakı Sultan Əli
qışlağı/Canəhməd kəndində aşırım adıdır.
Ağyoxuş – Göyçə mahalının Basarkeçər, yəni Vardenis rayonunda kənd olub.
Kənddə 1831-ci ildə 192 nəfər azərbaycanlı yaşayırdı. Lakin sonralar kənddə
yaşayanlar haqqında məlumat yoxdur. Kəndin sakinləri 1988-ci ildə Ermənistan
dövləti tərəfindən məcburi qovulublar.
Ağqıraq – Göyçə mahalının Qaranlıq, yəni Martuni rayonunda kənd olub. Kəndin
qədim adı Ağqıraq olsa da, sonralar erməni mənbələrində Əliqırıq, Əliqrağı,
Əliqraq kəndi kimi sabitləşib. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar
yaşamışdır. Türkmənçay müqaviləsindən sonra Ağqıraq kəndinə ermənilər
1829-1830-cu illərdə Türkiyənin Alaşkert və Van bölgələrindən köçürülüb,
azərbaycanlılar deportasiya olunublar. Kəndin ərazisində türklərlə bağlı 8-9-cu
əsrlərə aid tarixi abidələr var. 1935-ci il yanvarın 3-də kəndin adı
dəyişdirilib, Astğadzor qoyulub.
Sonda vurğulanıb ki, tarix unudulmadığı kimi, torpaq, yurd yerləri də
unudulmur və xalqın, millətin qan yaddaşlarına həkk olunur: “Bu yerləri
yadlaşdırmaq istəyən ermənilərin tarixi adları məhv etmək cəhdləri isə
zaman-zaman iflasa uğrayır. Təbii ki, erməniləşdirilən torpaqlarımızın
türk-oğuz adları, tarixi həqiqətlər, itirdiyimiz kəndlərin acı hekayəsi, bir
sözlə, Qərbi Azərbaycanın silinməyən izləri daim yaşayacaq”.
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və
hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək
nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük əhəmiyyət
daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks
etdirir. Hazırlanan süjetdə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan
toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının
mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı süjetdə:
tarixinin izi
Qərbi Azərbaycan Xronikası: Ağ rəngli yer adları – türk tarixinin izi