dd4f5fed-9e5e-48bc-83f4-c095c9a2cd26.jpg

Qərbi Azərbaycan Xronikası: Ağkilsə – türk tarixinin izi

Baxış sayı: 258 dəfə baxılıb.

<>Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər
İbrahimovun müəllifliyi ilə Baku TV-də “Adı dəyişdirilib Azad və Kraşen qoyulan
kənd” adlı süjet hazırlanıb.

Bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Ağkilsə toponimi
haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycan torpaqlarında yerləşən toponimlərin tarixi,
coğrafiyası və hayların erməniləşdirmə siyasətinə məruz qalması danılmaz
faktdır.

Ağkilsə – Şəmşəddil mahalının Karvansaray, indiki İcevan rayonunda kənd olub
və daim azərbaycanlılar yaşayıb. Onlar 1919-cu ilin mart ayında zorla
çıxarılıblar. 1920-ci ildə sağ qalan sakinlər evlərinə qayıdıblar. Nəhayət,
1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar yenidən deportasiya
olunublar. Toponim rəng mənasında işlənən “ağ” sözü ilə dini məbəd mənasını
bildirən “kilsə” sözünün birləşməsindən əmələ gəlib.

Ağkilsə – Dərələyəz mahalının Keşişkənd, indiki Yeğeqnadzor rayonunun
ərazisində kənd olub. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni
təcavüzünə məruz qalaraq qovulub. 1925-cı ildə kənd ləğv edilərək xarablığa
çevrilib.

Ağkilsə – Göyçə mahalının Basarkeçər, indiki Vardenis rayonunda kənd adıdır.
Kənddə yaşayan azərbaycanlılar 1918-ci ildə qovulub və dörd ildən sonra öz
kəndlərinə qayıdıb, 1988-ci ildə yenidən tarixi-etnik torpaqlarından
çıxarılıblar. 1935-ci il yanvarın 3-də kəndin adı dəyişdirilib Azad qoyulub.

Ağkilsə – Şörəyel mahalının Düzkənd, indiki Axuryan rayonunda kənd adıdır.
Kəndin əsas və yerli sakinləri azərbaycanlılar olublar. Ermənilər bura
1820-1825-cı illərdə Türkiyənin Qars və Basen bölgələrindən köçürülüblər.
1945-ci il dekabrın 7-də adı dəyişdirilib Kraşen qoyulub.

Ağkilsə – Vedibasar mahalının Vedi, indiki Ararat rayonunda kənd olub.
1918-1920-cı illərdə kəndin azərbaycanlı əhalisi vəhşicəsinə qovulub və kənd
ləğv edilərək xarabalığa çevrilib.

Sonda vurğulanıb ki, ermənilərin hədəfindəki Ağkilsə toponimi Qərbi
Azərbaycanda məhv edilən türk-oğuz izlərindən biridir: “Təbii ki, bu yerlərin
acı taleyi və sirli keçmişi tarixin güzgüsü olmaqla yanaşı, Qərbi Azərbaycanın
itməyən yurd yerləri, unudulmayan toponimləri tarixi həqiqətlərin daşıyıcıları
və silinməz izləridir”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və
hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək
nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və
əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını,
coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən
dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası
araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında
məlumat verilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: Ağkilsə – türk tarixinin izi
Qərbi Azərbaycan Xronikası: Ağkilsə – türk tarixinin izi

Source link