Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi”
yarandı” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “Qafqazın İsveçrəsində qıpçaq-xristian
izləri” adlı veriliş efirə gedib.
Verilişdə tanınmış jurnalist, tənqidçi və tədqiqatçı-yazıçı, kimya üzrə
fəlsəfə doktoru Nazir Əhmədli Qafqazın isveçrəsi adlanan Dərələyəzin
tarixindən, bu mahalın türk adları və izlərindən, eləcə də ermənilərin
Dərələyəzə köçürülməsindən söz açır.
Süjetdə “Vay dərəsi”nin yaranması, qədim Moz şəhərinin zəlzələdən batmasından
danışılır, erməni tarixinin atası Movses Xorenatsinin 9-cu əsrə aid olmasının
sübuta yetirildiyi bildirilir.
Qeyd olunur ki, ermənilər bu ərazini “Vayotdzor” adlandırırlar, bu sözü “vay”
sözünə “dərə” mənasını verən “dzor” sözünü artırmaqla düzəldiblər, yəni “Vay
dərəsi”. Tarixi qaynaqlara görə, karvan yollarının üstündə yerləşən və orta
əsrlər üçün böyük rəqəm hesab olunan 10 min nəfər əhalisi olan Moz şəhəri
735-ci ildə zəlzələ nəticəsində dağılıb, burada o qədər əhali ölüb ki, sağ
qalanların ah-naləsi ərşə bülənd olub. O vaxtdan da bu dərənin adı “Vay dərəsi”
kimi yaddaşlarda qalıb”.
Sonda ölkəmizdə nəşr edilən Rusiya imperiyasının Azərbaycan xanlıqlarını
işğalından sonra tərtib olunmuş “Kameral təsvir” sənədlərində əks olunan
maraqlı məlumatlardan danışılır, ermənilərin Qərbi Azərbaycanda yerli
azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi məkri planlara aydınlıq gətirilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində: