<>
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun
müəllifliyi ilə Baku TV-də “İki əsr tarixi olan kəndi ermənilər niyə ləğv
edib?” adlı süjet hazırlanıb.
Bugünkü süjetdə ermənilərin “addəyişmə terroru”na məruz qalan Ağsu, Ağtala,
Ağtəpə, Ağudi toponimi və hidronimləri haqqında söz açılıb.
Bildirilib ki, tayfa xisləti ilə yaşayan haylar türk-oğuz yurdlarını yalan,
izitirmə və ləğvetmə siyasəti ilə girova çeviriblər.
Ağsu – Zəngəzur mahalının Qafan rayonunda çay adıdır. Bu hidronimin adı
“keyfiyyətli, yararlı” mənasında işlənən “ağ” sözü ilə “çay” mənasında işlənən
“su” sözünün birləşməsindən əmələ gəlib.
Ağsu – Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayon
ərazisində kənd olub. Burada 1829-cu ildən azərbaycanlılar yaşayıb. XIX əsrin
axırlarında kənd ləğv edilib və indi xarabalığa çevrilib.
Ağsu çayı – Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda çay
adıdır.
Ağtala – Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayon
ərazisində kənd olub. 1930-cu illərdə indiki Ermənistan hökumətinin göstərişi
ilə kənd ləğv edilib.
Ağtəpə – Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonun
ərazisində kənd olub. XX əsrin ortalarında azərbaycanlılar deportasiya edilib
və kənd ləğv olunub. İndi ölü kənddir.
Ağudi – Zəngəzur mahalının Sisyan rayonunda kənd adıdır. Azərbaycanlılar
buradan 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq vəhşicəsinə qovulublar.
1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan 22 nəfər
evinə qayıdıb. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar yenidən
etnik torpaqlarından tamamilə qovulublar. 1991-ci il aprelin 19-da kəndin adı
dəyişdirilib Aqitu qoyulub.
Sonda vurğulanıb ki, adıçəkilən yer-yurd adlarının mənası, mənşəyi və yayılma
arealı xalqın tarixi keçmişini özündə əks etdirən güzgüdür: “Yaddaşlara həkk
olunan bu toponimlər Qərbi Azərbaycanın tarixi və nümunəsi olmaqla yanaşı,
Qərbi azərbaycanlıların yaşadığı acıların, deportasiya faciəsinin qədim
şahidləridir”.
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və
hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək
nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və
əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını,
coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən
dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası
araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında
məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması,
həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya
ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı süjetdə:
– Türk tarixinin izi
Qərbi Azərbaycan Xronikası: Ağsu, Ağtala, Ağtəpə, Ağudi – Türk tarixinin izi