91295fef-4b51-465b-be42-8be0e2941447..jpg

Qərbi Azərbaycan Xronikası: “Anam rəhmətə gedəndə kənddən məcbur çıxarıldıq” – VİDEO

Baxış sayı: 465 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: “Anam rəhmətə gedəndə kənddən məcbur çıxarıldıq” –
VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist
Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti
buraxılışı efirə gedib.

“Qarabağ qayıdıbsa, Qərbi Azərbaycan da qayıdacaq” adlı veriliş Qərbi
Azərbaycanın Loru mahalının, Kalinino (indiki Taşir) rayonunun Qızılşəfəq kənd
sakini Nazirə Dəmirçiyevanın həyat hekayəsinə həsr olunub.

O, doğulduğu, böyüdüyü kənddə uşaqlıq, orta məktəb və yeniyetmə çağlarının çox
gözəl keçdiyini deyib:

“Sinif yoldaşlarım, qonşular, uşaqlar həmişə bir yerdə, bir məhəllədə çox
gözəl, mehriban, bir ailə kimi dolanmışıq, günlərimiz bir yerdə keçib.
Çiling-ağac, beş daş, voleybol, qaçdı-tutdu, gizlən qaç oynayırdıq. Meşəyə,
bulağa gedərdik, Novruz bayramını təmtəraqlı keçirərdik”.

Ən çox mənim ən yaralı yerim oradı. Ona görə ki, mənim anam 1988-ci ilin
oktyabrın 20-də özü xəstəliyindən rəhmətə gedib. Amma elə bir moment rəhmətə
gedib ki, biz onda kənddən çıxmışıq.

Onun sözlərinə görə, 1988-ci il oktyabrın 20-də anasını itirdiyini, həmin il
dekabrın 16-da kəndi tərk edib:

“Oradan ən böyük aldığım zərbə anam Dəmirçiyeva Ruqiyyə Hüseyn qızının
dünyadan köçməsi oldu. Bu, məni çox sızıldadır. İstəyərəm, geri qayıdam anamı
ziyarət edəm. Heç anama baş daşı qoyulmayıb. Anam babamın yanında basdırılıb”.

N.Dəmirçiyeva qaçqınlıq dövrünün çətinliklərindən, əvvəlcə Yevlax rayonunun
Şilyan kəndində, sonra isə Oğuz rayonunda məskunlaşdıqlarını, Vətən həsrətinin
onun üçün çox ağır olduğunu bildirib.

Həyat hekayəsinin həm maraqlı, həm də kədərli olduğunu vurğulayan
N.Dəmirçiyeva Qərbi Azərbaycandan köçən zaman böyük zərbə aldığını söyləyib:

“Kəndimə ürəklə, qaça-qaça gedərəm. Orada mənim əzizlərim, var, cavan ana
itirib orada qoyub gəlmişəm. Getsəm sanki yenidən doğulmuş kimi həmin həyatımı
yaşayaram. Qarabağ qayıdıbsa, Qərbi Azərbaycan da qayıdacaq. Biz yenidən həmin
yerlərimizə qayıdıb orada yaşayacağıq. Biz orada doğulmuşuq, yaşamışıq, amma
bizə çox böyük haqsızlıq olub. Orada erməni o qədər olmayıb. Sonradan haradansa
gəlib çoxalıblar. Bizim kəndin təbiəti, havası, suyu gözəl olduğu üçün Vətənə
qayıdacağıq. Ora bizim dədə-baba yurdumuzdur, yaşayış yerimizdir. Həyatımızın
ən gözəl günlərini orada yaşamışıq. Ona görə, İnşallah, biz ora qayıdacağıq”.

Övladları Murad və Seymur Həsənli qardaşları da analarının kəndinə getmək
istəyirlər: “Biz həmişə oranı beynimizdə canlandırırıq. Ora çox qəşəng, təbiəti
gözəl kənddir. Ora getməyi çox istəyərik. İnşallah gələcəkdə ora gedəcəyik,
orada yaşayacağıq. Anam həmişə danışır ki, oranın gözəl təbiəti, gözəl çayları
var. Anamızın doğma yurduna getmək istəyirik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Source link