Qərbi Azərbaycan Xronikası: Azərbaycanlıların öz evlərinə qayıdışı yaxın
müddətdə baş verə bilər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet
hazırlanıb.
“Qərbi Azərbaycan məsələsi beynəlxalq gündəmə daxil edildi” adlı süjetdə
Prezidentİlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının
inzibati binasının açılışı zamanı azərbaycanlıların öz tarixi yurdlarına
qayıdacaqları ilə bağlı söylədiyi fikirlərdən, Qərbi Azərbaycan İcmasının
beynəlxalq təşkilatlara ünvanladığı məktublara verilən cavablardan sonra
Ermənistan mətbuatında yayılan məlumatlardan bəhs olunur.
Bildirilir ki, dövlət başçısı Qərbi Azərbaycana qayıdışla bağlı prioritet
hədəfləri müəyyənləşdirib: “Bu hədəflərdən ən vacibi Qərbi Azərbaycana
qayıdışın – tarixi ədalətin bərpa edilməsinin beynəlxalq gündəmə çıxarılması və
qəbul etdirilməsi idi. 2023-cü ildə azərbaycanlıların tarixi yurduna qayıdışı
istiqamətində görülən işlər Qərbi Azərbaycan məsələsinin artıq beynəlxalq
gündəmdə qəbul edilməsi ilə nəticələndiyini deməyə əsas verir”.
Diqqətə çatdırılır ki, Qərbi Azərbaycan İcmasının BMT Baş Assambleyasının və
Təhükəsizlik Şurasının üzvlərinə, UNESCO-nun Baş direktoruna, BMT-nin Baş
katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına ünvanlandığı məktublara
verilən cavablardan sonra Ermənistan mediasında müxtəlif məlumatlar yayılıb:
“Aravot” qəzetinin dərc etdiyi məlumatda deyilir ki, UNESCO Ermənistan Xarici
İşlər Nazirliyinə Qərbi Azərbaycanda abidələrin dağıdılması ilə bağlı sənəd
göndərib. Bu faktla rəsmi Bakı artıq Qərbi Azərbaycanla bağlı prosesi
beynəlxalq müstəviyə keçirib və Ermənistan hökuməti qoyulan tələblər qarşısında
geri çəkilir. Erməni etnoqraf Hranuş Xaratyan isə bildirir ki, Ermənistan
Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycanla bağlı sənədi qəbul etməsi rəsmi
İrəvanın azərbaycanlıların qayıdışı məsələsi ilə razılaşmasının göstəricisidir.
Erməni diasporunun fəallarından olan Harut Sasunyan da BMT Komitəsinin
Ermənistan qarşısında qaldırdığı tələblərin rəsmi Bakının Qərbi Azərbaycan
strategiyasında irəliyə doğru atılmış mühüm addım olduğunu söyləyir”.
Sonda vurğulanır ki, bütün bunlar 2023-cü ildə qaçqınların Qərbi Azərbaycana
qayıdışı hədəfində mühüm nəticələrin əldə edildiyini deməyə əsas verir: “Bu
uğurlar xüsusilə iki aspektdə əhəmiyyətlidir. Birincisi, Qərbi Azərbaycan
məsələsi artıq beynəlxalq ictimaiyyətin gündəminə daxil edilib. İkincisi, BMT
başda olmaqla beynəlxalq təşkilatlar Qərbi Azərbaycanda azərbaycanlılara məxsus
maddi-mədəni irsin qorunması, eləcə də qaçqınların hüquq və təhlükəsizliyinin
təmin edilməsi ilə bağlı Ermənistan qarşısında tələblər qaldırır. Üçüncüsü,
azərbaycanlıların öz doğma evlərinə qayıdışı ilə bağlı beynəlxalq səviyyədə
hüquqi əsaslar yaradılır və bu, rəsmi İrəvan qarşısında qaldırılan Qərbi
Azərbaycan məsələsində rəsmi Bakının əlini gücləndirən faktordur. Əldə edilən
nəticələr həm də onu göstərir ki, azərbaycanlıların öz evlərinə qayıdışı yaxın
perspektivdə baş verə bilər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında
yanvarın 4-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında
yayımlanıb.