e845a6e3-fc74-4806-a79a-63d9ec67dddf..jpg

Qərbi Azərbaycan Xronikası: Bəstəkar Səid Rüstəmovu İrəvandan köçməyə məcbur etdilər – VİDEO

Baxış sayı: 561 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: Bəstəkar Səid Rüstəmovu İrəvandan köçməyə məcbur
etdilər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Fəxriyyə Liliparın təqdimatında “Qardaşı qətlə, bacısı təcavüzə məruz
qalan bəstəkarın qaçqınlıq həyatı” adlı süjet hazırlanıb.

Cixisyolu.com xəbər verir ki, verilişdə qədim İrəvanın Azərbaycan musiqi sənətinə
verdiyi ən dəyərli simalardan biri, Xalq artisti, Dövlət mükafatı laureatı,
bəstəkar Səid Rüstəmovun İrəvandan məcburi köçməsindən bəhs olunur.

Bildirilib ki, 1907-ci il mayın 12-də İrəvanın Şəhər məhəlləsində anadan olan
Səid Mirəli oğlu Rüstəmovun evləri İrəvanda, Göy məscidin yanında idi.
Türkiyədən qayıtdıqdan sonra evlərini dağılmış görən Rüstəmovlar ailəsi 1919-cu
ildə Gəncəyə köçürlər. Burada Səidin böyük qardaşı Mir Hüseyn ermənilər
tərəfindən öldürülür. Ailə Gəncədə çox qalmır və Ağdaşda məskunlaşır.

Süjetdə vurğulanıb ki, bəstəkar, dirijor və pedaqoq kimi tanınan, fəaliyyəti
və həyatı boyu vətən nisgili yaşayan sənətkar 1983-cü il iyunun 10-da Bakıda
dünyasını dəyişib və I Fəxri xiyabanda dəfn olunub.

Diqqətə çatdırılıb ki, ictimai xadim kimi də tanınan Səid Rüstəmov
yaradıcılığında yaşadığı yanğıları, nisgilini əsərləri ilə izhar edib.

Süjetdə şahidlər Rüstəmovlar ailəsinin acı taleyindən faktlarla söhbət açırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Source link