Qərbi Azərbaycan Xronikası: Bir vaxtların məşhur mügənnisi qaçqınlıq həyatının
faciələrindən danışdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist
Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti
buraxılışı hazırlanıb.
Cixisyolu.com xəbər verir ki, “Kəndimizin həsrətindən qıçamın bir tərəfi qurudu” adlı
veriliş Zəngəzur mahalının Qafan rayonunun Kurud kənd sakini Rəhilə
Bəndəliyevanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlığının maraqlı keçdiyini, 8-10 yaşlarında nənəsi ilə yaylaqlara,
təsərrüfata getdiyini, 1970-ci ildə Bakıya köçdüklərini söyləyib: “Anamın
ayaqları ağrıyırdı. Həkim o vaxt demişdi ki, ona dəniz kənarı lazımdı. Gəldik
Bakıda üzümçülük sovxozunda məskunlaşdıq”.
Onun sözlərinə görə, 1976-cı ildə Asəf Zeynallı adına musiqi məktəbinə qəbul
olub: “Bizim kəndimiz balaca kənd idi. Evimiz 2 mərtəbəli idi. O vaxt biz
köçəndən sonra orada bibilərim yaşadı. 1965-ci ildə kəndimizdə orta məktəbin
1-ci sinfinə getmişəm. Orada 5 il oxumuşam. İkinci sinifdə nəğmə dərslərində,
dərnəklərdə “Arşın mal alan”dan mahnılar, musiqilər ifa edirdim”.
R.Bəndəliyeva Bakıya köçəndən sonra kəndin həsrətindən xəstə düşdüyünü
bildirib: “Qıçamın bir tərəfi qurudu. 6-cı sinfi Xəzər rayonunun Binə
qəsəbəsində oxudum. Atam məni öz evimizə apardı. Orada sinirlərim bir az
sakitləşdi. Gələndən sonra daha ağrılarım olmadı. Ancaq hər yay, ta 1988-ci ilə
qədər biz ora gedib gəlirdik. O illər mənim heç vaxt yadımdan çıxmaz. Çox
istəyərdim nənəmin məzarını görüm”.
O, qaçqınlıq illərindən də söz açıb: “1988-ci il idi. Qafanın katibi erməni
idi. Bizim sovxozun direktoruna zəng edir ki, camaatı çıxardın. Camaatı gecə
ilə çıxardılar. Sonra onların böyükləri İrəvanda biliblər ki, bu katib
azərbaycanlılara kömək edib.
Onu azərbaycanlılara kömək etdiyi üçün işdən çıxardılar, işgəncə verdilər,
uşaqlarını İrəvanda institutdan qovdular. Yəni ermənilər həmin gecə camaatı
qırmaq istəyirmişlər”.
Vətən həsrətinin çətin olduğunu deyən R.Bəndəliyeva 44 gündə Qarabağı bizə
qaytaran Prezidentimizİlham Əliyevin sayəsində Zəngəzura, Göyçəyə
qayıdacağımıza əminliyini vurğulayıb: “Vətəni kim sevməz ki?! Arxaya baxıram
Vətəndi, qabağa gedirəm Vətəndi. Hara baxsan Vətəndi. Çox əminəm ki, Vətənimizə
qayıdacağıq. İnşallah, Zəngəzurumuz da, Göyçəmiz də, Vedibasarımız da,
Zəngibasarımız da, yəni bütöv Qərbi Azərbaycan bizim olacaq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: