Qərbi Azərbaycan Xronikası: “Biz Zəngilanın Vejnəli kəndində palatkalara
yerləşdik” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist
Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti
buraxılışı hazırlanıb.
Cixisyolu.com xəbər verir ki, “Ermənilər həmişə qoca, qadın və uşağa zülmlər ediblər”
adlı veriliş Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kənd sakini Sədaqət
Həsənovanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlıqda, orta məktəb illərində müxtəlif oyunlar oynadıqlarını deyib,
məhəllə, bulaq, kəhriz, dağ, yaylaq, pir və meşədə gəzdiklərini, eləcə də
Novruz bayramını el adəti üzrə çox gözəl keçirdiklərini xatırladıb: “Buğdadan
qovurğa qovururduq. Zeynəb nənəm o qovurğanı kirkirə ilə çəkər və qovut
hazırlayardı. Qovutu yumru-yumru edib Novruz adətləri ilə düzərdik. Nişanlı
qızlar rəngli corablar toxuyub oğlanlara bağlayardılar. Əgər yenidən kəndimə
getsəydim, dizlərimi yerə qoyub torpağımı öpərdim. Qəbiristanlığa baş çəkər,
yaylaqlarımıza, Miyanbutun zirvəsinə qalxar, pirlərə nəzir verərdim”.
Onun sözlərinə görə, deportasiya illəri çox çətin keçib: “1988-ci il noyabrın
12-si idi. Kəndə səs yayıldı ki, ermənilər gəlirlər. Orada rus zabitləri də var
idi, guya bizi qoruyurdular. Amma bu, heç də belə deyildi. Cavanlarımız hər
gecə dağların başına çıxıb camaatı qoruyurdular. O günləri xatırlayanda həmişə
ağlayıram. Üç uşaq anası idim. Uşaqlar da körpə idilər. Onların ikisini bir
əlimdə, birini də bir əlimdə tutmuşdum. Hər gün ermənilər bizi qorxudurdular.
Atışma səsləri edərək gəlirdilər ki, biz qorxaq. Biz 3 il qoruna bildik.
1991-ci il avqustun 8-dək cavanlarımız kəndi qorudu. Amma məcburən bizi o
torpaqlardan qovdular. Biz Zəngilanın Vejnəli kəndinə getdik və orada
palatkalara yerləşdik. Oradan da Bakıya gəldik”.
S.Həsənova həmişə kəndə qayıtmaq arzusunda olduğunu vurğulayıb: “44 günlük
müharibədən sonra Qarabağ torpaqları alındı. İnşallah, Nüvədiyə də gedəcəyik.
Yuxularda da görürəm ki, gedəcəyik. İllərdir Vətənimin həsrətini çəkirəm. Vətən
doğulduğun yerdən başlayır, orada məskən salmalısan və torpağa dönməlisən.
Orada babalarımız, nənələrimiz uyuyur, ailələrdən gənc uşaqlar uyuyur. Mən
Nüvədiyə nəvələrimlə gedəcəyəm. Uşaqlıqda gəzdiyim, şıltaqlıq etdiyim,
oynadığım yerləri nəvələrimə göstərəcəyəm. Nəvələrim də sevinəcək ki, biz artıq
ata-baba yurdumuzdayıq. Gözəl kəndimizdə, bizim üçün darıxan kəndimizdə onun
üçün darıxan ürəklər təsəlli tapacaq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.