Qərbi Azərbaycan Xronikası: Böyük Səlcuq dövlətinin irsini yaşadan Kəsəmən
kəndi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti
buraxılışı hazırlanıb.
Cixisyolu.com xəbər verir ki, “Tarixdə iz buraxan Qaraiman bəyliyinin izləri” adlı
bugünkü buraxılış Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Kəsəmən
kəndinin tarixi, irsi, etno-mədəniyyəti, adətləri, türbə və abidələri,
toponimləri araşdırılıb.
Bildirilir ki, Kəsəmən kəndinin əsası XVI əsrdə Qazax mahalının Qıraq Kəsəmən
kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin
oğlanları Emin və Səfər qardaşları tərəfindən qoyulub. Kəndin adı yarandığı ilk
gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilib. 1500-cü ildən 1978-ci
ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olub.
Kəndin ilk adı Kəsəmən toponimi isə Qazağın Qıraq Kəsəmən kəndinin adı ilə
bağlıdır və Kəsəmən tayfasının adını əks etdirir.
Qeyd olunur ki, zəngin coğrafiyaya malik kənddə Alban türklərinin yaşamasını
sübut edən kilsə olub. Kəndin şimal hissəsində Ocaq təpəsi adlanan müqəddəs
ziyarətgah dini abidələrdən biridir. Kənddə çox sayda adları türk
toponimlərindən ibarət yurd yerləri var. Kənddə yaşayan azərbaycanlılar
1919-cu, eləcə də 1988-ci ildə tarixi-etnik torpaqlarından qovulublar.
Süjetdə səlcuqların hansı əsas qollarından birinin Göyçədə yaşamasına, Böyük
Səlcuq dövlətinin irsini yaşadan Kəsəmən kəndinin tarixində Səlcuq, Qaraiman
bəyliyinin izlərinə aydınlıq gətirilir, həmçinin Kəsəmən sakinləri ermənilərin
kənddə türbələri necə dağıtdığını kədərlə danışırlar.
Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və
kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği
kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və
söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.