d96344e8-7104-421b-867b-e96f50711973..jpg

Qərbi Azərbaycan Xronikası: “Buz bağlayan Göyçə gölünün üstündə maşınlar gəzər, ora vertolyot enərdi” – VİDEO

Baxış sayı: 546 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: “Buz bağlayan Göyçə gölünün üstündə maşınlar
gəzər, ora vertolyot enərdi” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun
müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Yuxularımda atam Aşıq Müseyibi göy eyvanlı evimizdə görürəm” adlı veriliş
Göyçə mahalının Çəmbərək rayonunun Cil kənd sakini Tərxanım Nəsibovanın həyat
hekayəsinə həsr olunub.

O, Cil kəndində Aşıq Müseyibin ailəsində anadan olduğunu, uşaqlıq, orta məktəb
illərinin unudulmadığını deyib:

“Oradakı ömür, həyat bugünkü dünyamın, ömrümün xoş xatirələrə bürünmüş, xoş
arzulara köklənmiş bünövrəsidir. Vətənim Göyçə havası, suyu, otu, ağacı,
çiçəyi, insanları və arzularımızla çox gözəl idi. Qışda Göyçə gölü donardı.
Kəndin yayı, payızı, yazı gözəl idi. Yay vaxtı quzuları dağlara çıxarırdım.
Məktəb illərinin xatirələri əziz idi. Səhər-səhər saat 6-da qarlı qış
günlərində qalxırdıq. Qarı yara-yara məktəbə gedirdik. Müəllimlərimiz qayğıkeş,
uşaqlarımız nizamlı-intizamlı, müəllimə qulaq asan, hörmətini saxlayan idilər.
Hamımız xoş arzuların qucağında böyüyürdük. Buz bağlayan Göyçə gölünün üstündə
maşınlar gəzər, ora vertolyot enərdi”.

T.Nəsibova bildirib ki, Bakıda Pedaqoji Universitetdə təhsil alıb:

“Bir də xəbər çatdı ki, artıq elimiz köçür. Bilmirdik nə edək, qışın oğlan
çağı idi. Atam, anam, əmim, dayım, el-oba pərən-pərən oldu, ağlaya-ağlaya, qarı
yara-yara, gözləri Vətəndə qala-qala 1988-ci ilin qarlı qış günlərində Göyçəni
tərk etdilər. İnsanlara ermənilər əzab verdilər. Dayımın yoldaşı olan maşının
qabağını kəsmişdilər. Onun əlindən xalça-palazını almışdılar. Ağzından qızıl
dişlərini çıxarmışdılar. O günlər, o tarix ömrümüzə yazılan zəhərli bir
səhifədir”.

Onun sözlərinə görə, Vətən şirin, əziz, yaddançıxmazdır:

“60 yaşım olsa da, yenə də ən şirin anlarımda, ən qəmli günlərimdə, ən sakit
çağlarımda ancaq ora ilə yaşayıram. Atam Aşıq Müseyibi yuxularımda
ikimərtəbəli, göy eyvanlı evimizdə görürəm. İnanıram ki, ordumuzun möhtəşəm
qələbəsindən sonra, möhtərəm Prezidentimizin danılmaz siyasəti sayəsində
Göyçəyə qayıdacağıq. Oradakı torpaqlardan gətirib Göyçə həsrəti ilə gözlərini
yuman atamın, anamın qəbrinin üstünə tökəcəyəm. İnşallah o günləri görəcəyəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Source link